Ruslan Abışov: "Bu tilsimi qırmaq istəyirdik" MÜSAHİBƏ

10:10 - 5 Mart 2018

Topaz Premyer Liqasının XVIII turunda "Qəbələ"nin qonağı olan "Neftçi" səfərdən 2:1 hesablı qələbə ilə qayıdıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra jurnalistlərə müsahibə verən paytaxt klubunun kapitanı Ruslan Abışov öncə oyun haqda danışıb:

 

- "Qəbələ" çempionluğa oynayan komandadı. Çoxdan idi ki, burda qələbə qazanmırdıq. Bu tilsimi qırmaq istəyirdik. Şükürlər olsun, bu gün komanda şəklində meydanda sona qədər mübarizə apardıq və lazım olan nəticəni əldə etdik. Artıq bu oyunu unutmalıyıq. Çünki qarşıda "Keşlə" ilə vacib görüş var. Ona hazırlaşmaq lazımdı. Yavaş-yavaş hər şey qaydasına düşəcək.

 

- Hesabda geri düşəndə hansı hissləri keçirdiniz? Oyunu çevirəcəyinizə inam var idimi?

- “Qəbələ”nin qol şanslarının olduğunu demək olmaz. Sadə epizoddan qol buraxdıq. Ancaq sona qədər mübarizə apardıq və qalib gəldik. Səhvlərimizdən nəticə çıxarıb növbəti oyunlara hazırlaşacağıq.

 

- Oyunun qəhrəmanı kimi hesab edirsən?

- 18 nəfər futbolçu və məşqçi heyəti. Hamı bu oyunda qalib gəlmək istəyirdi. Kollektiv şəkildə özümüzə inanırdıq. Bundan sonrakı matçlarda da belə olmalıdı. Oynayan-oynamayan, hər kəs bir-birinə dəstək nümayiş etdirməlidi.

 

- Oyunun gedişində zədələndin. Vəziyyətin necədi?

- Həmin anda çox pis ağrı hiss etdim. Düzdür, hələ də ağrı var. Sabahdan müalicə olunacam. Yəqin ki, qarşıdakı matça qədər bu ağrı qalmayacaq.

 

- Azərbaycan kubokunun yarımfinalında da “Qəbələ” ilə qarşılaşacaqsız. Həmin görüşdə şansları necə dəyərləndirirsən?

- Şansları 50-50-yə dəyərləndirirəm. Kim daha çox kollektiv oyun göstərsə, şansı çox olacaq. Çətin oyunlar olacaq. Heç nə bilinmir. Çempionat oyunlarından sonra fikirləşmək olar.

Xəbər xətti