Namiq Ələsgərov: "Hamı yaxşı klubda oynamaq istəyər" MÜSAHİBƏ

11:11 - 5 Mart 2018

Topaz Premyer Liqasının XVIII turunda "Qəbələ" ilə səfərdə üz-üzə gələn "Neftçi" qalib gəlib - 2:1.

 

Sportal.az xəbər verir ki, matçdan sonra qonaqların vingeri Namiq Ələsgərov jurnalistlərin suallarını cavablandırıb. O, öncə oyun haqda danışıb:

 

- Çətin oyun keçdi. “Qəbələ” çempionatın ən güclülərindən biridir. Hesada geri düşsək də, sona qədər mübarizə apardıq və əziyyətimizin bəhrəsini gördük. Çox sevinliyik.
 
- Epizodların birində topu qapı dirəyinə vurdun. 2-3 dəqiqə sonra isə “Qəbələ” hesabı açdı. Həmin anda necə hiss keçirdin?
- Təəssüfləndim. Qol olsaydı, yaxşı olardı. Futboldur, belə hallar olur.
 
- Qış fasiləsindən sonra ən yaxşı oyununu keçirdin. Formanı yığmısan, yoxsa daha yaxşı Namiqi görəcəyik?
- Öz üzərimdə çalışmağa davam edəcəm. İlk dəfə idi ki, qış fasiləsindən sonra start heyətdə yer alırdım. Çalışacam ki, ilk “11-lik”də yerimi qoruyum.
 
- Növbəti mövsüm “Neftçi”də qalmaq istəyirsən, yoxsa “Jilina” variant olsa, gedəcəksən?
- Bu barədə danışmaq istəmirəm. “Neftçi” ilə yeni müqavilə bağlamışam.
 
- Xaricə yollanmaq niyyətin yoxdu?
- Əlbəttə, xaricə hamı getmək və yaxşı klubda oynamaq istəyər. Əvvəlcə “Neftçi” ilə avrokuboklara vəsiqə qazanmaq istəyirəm. Daha sonra fikirləşərik.
 
- Millinin baş məşqçisi Qurban Qurbanov oyunu izləyirdi. Səncə, diqqətini çəkə bildin?
- İşimiz odur ki, milliyə düşək. Bunun üçün çalışırıq. Hər futbolçu kimi milliyə dəvət almaq istəyirsən.
 
- “Qəbələ”ni səfərdə məğlub etmək sensasiyalı adlandırmaq olar?
- Sensasiya deməzdim. Biz də “Neftçi”yik. Hər komanda ilə başabaş mübarizə apara və qalib gələ bilərik. 
 
- Bu oyunda qələbə kuboka olan inamınızı artırdı?
- Kubokda daha inamlı meydana çıxacağıq. Düzdür, bu oyunların fərqi var. Amma bizim üçün yaxşı oldu.

Xəbər xətti