Ötən turun qalibləri üz-üzə, "Qəbələ" "qara zolaq"dan çıxa biləcək?

13:50 - 8 Mart 2018

Bu həftə Topaz Premyer Liqasında 19-cu tur start götürəcək.

 

Sabah hesabat turunun iki oyunu baş tutacaq. İlk oyun Gəncədə baş tutacaq. Yenilənmiş “Kəpəz” qış fasiləsindən sonra qeyri-stabil çıxış edən “Qəbələ”ni qəbul edəcək. Son turda “Səbail”i məğlub edən Nizami yurdunun təmsilçisi qələbənin ardını gətirmək istəyir. Üstəlik, mövsümün ilk yarısında “Qəbələ” Gəncə klubunu 6:1 hesabıyla darmadağın etmişdi. Bu matça meydan sahibləri revanş kimi də yanaşır. Çempionluq yarışında “Qarabağ”dan xeyli aralı düşən “Qəbələ” üçün bu görüş vacibdir. Bu görüşdə “qırmızı-qaralar” qalib gəlməklə “qara zolaq”dan da çıxa bilərlər.

 

undefined

 

Günün digər matçı paytaxtda baş tutacaq. AFFA-nın boyunduruğu altında olan iki komanda – “Neftçi” və “Keşlə” münasibətlərinə “Bakcell Arena”da aydınlıq gətirəcəklər. Ötən tur hər iki komanda qalib gəlmişdi. “Keşlə” səfərdə “Zirə”ni, “Neftçi” isə “Qəbələ”ni məğlub etmişdi. “Sumqayıt”dan 5 xal geri qalan “Neftçi” bu görüşdə qalib gəlməyi hədəfləyir. Komanda avrokuboklara vəsiqə qazanmaq üçün bu qarşılaşmaya 3 xal qazanmaq üçün çıxmalıdır. Qış fasiləsindən sonra keçirdiyi 4 oyuna 7 xal toplayan “Keşlə” isə bu matça məğlub olmamaq üçün çıxacaq. Komandanın hədəfi turnir cədvəlinin zirzəmisində qərarlaşan “Kəpəz”in nəfəsini hiss etməmək və 2 xal geri qaldığı “Səbail”i qabaqlamaqdır.

 


Turun digər iki matçı isə martın 10-da reallaşacaq. “Səbail” öz meydanında əla formada olan “Sumqayıt”ı qəbul edəcək. Samir Abasovun rəhbərliyi altında inamlı çıxış edən “gənclik şəhəri” təmsilçisi paytaxt səfərinə 3 xal üçün yollanacaq. Avrokuboklara vəsiqəni arzulayan “Sumqayıt” “Neftçi”ni 5 xal qabaqlayır və bu üstünülü qorumaqla yanaşı, “Zirə”yə daha da yaxınlaşmaq üçün qalib gəlməlidir. “Səbail”ə də qələbə lazımdır. Debütant komandanın Premyer Liqada ilk mövsümdə qapazaltı olacağını planlaşdıranlar çox idi. Lakin Samir Əliyevin komandası rəqibləri ilə əzmkar mübarizə aparır. “Keşlə”dən uzaqlaşmaq və “Neftçi”yə çatmağa çalışan “şirlər” “Sumqayıt”ı əliboş yola salmalıdır.

 


19-cu turun son matçında isə lider “Qarabağ” 3-cü yerin sahibi olan “Zirə”ni sınağa çəkəcək. Ardıcıl 5-ci çempionluğa addım-addım yaxınlaşan Qurban Qurbanovun yetirmələri üçün bu oyunda qazanılacaq 3 xal böyük əhəmiyyət kəsb edəcək. Qış fasiləsindən sonra 4 oyuna cəmi 2 xal toplayan “Zirə” isə artıq 3-cü pilləni itirmək qorxusu yaşayır. Belə ki, “qartallar” ən yaxın izləyicisi “Sumqayıt”ı 4 xal qabaqlayır. Buna görə də qəsəbə klubu Ağdam komandasıyla səfər matçında xal və ya xallar qazanmağa çalışacaq.

 

 

SPORTAL.AZ

Xəbər xətti