Elvin Yunuszadə: "Neftçi"nin oyunu xoşuma gəldi" MÜSAHİBƏ

00:04 - 15 Mart 2018

"Qarabağ" Topaz Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin futbolçusu Elvin Yunuszadə jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:


- “Neftçi” son iki oyunda optimal formada idi. Bunu yaxşı dərk edirdik. Üstəlik doğma divarlar arasında bizi qonaq edirdilər. Meydan da bizim oyunumuzu göstərmək üçün istədiyimiz şəkildə deyildi. Ot çox idi, top yaxşı getmirdi. Çətin oyun oldu. 1 xal qazandıq. Millinin oyunlarından sonra çempionata köklənəcəyik.

 

- “Qəbələ” bu tur da xal itirdi. Oyununuza təsiri oldu?

- Deməzdim ki, belə oldu. Bəlkə də istər-istəməz rahatlıq olub. Baş məşqçimiz də bizə deyir ki, boşalmaq olmaz. Xal fərqinə fikir verməməliyik. Bu gün yaxşı oynamamağımıza səbəb “Neftçi” oldu. Rəqibimiz çox gözəl çıxış etdi. Bu da əsas amildi. “Neftçi”nin oyunu mənim xoşuma gəldi. Belə matçlar çox olsa, çempionat da baxımlı olar.


- “Neftçi”nin belə oynadığını nəzərə alaraq demək olar ki, “Qarabağ” 1 xal qazandı?
- Hər xal bizim üçün vacibdir. Məğlub olamamışıqsa, yaxşı nəticədir. Hər xala ehtiyac duyuruq.

 

- Son iki oyunda start heyətdə yer almısan. Bu, milliyə dəvət alacağına işarədir?
- Bu barədə nəsə deyə bilmərəm. Qurban müəllim kimi məsləhət bilsə, dəvət edəcək.

 

- Millidən dəvət gözləyirsən?
- Hamı dəvət gözləyir. Hər kəs yığmada oynamaq istəyir. Dəvət alsaq, canla-başla milliyə kömək edəcəyik. Əgər dəvət almasaq, buna hörmətlə yanaşacağıq.

Xəbər xətti