"Keşlə" Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra qəsəbə klubunun qapıçısı Orxan Sadıqlı jurnalistlərə müsahibə verib.
- Oyuna sonradan daxil oldun, az müddət sonra qol buraxdın. Belə olacağını gözləyirdin?
- Düzü, oyuna daxil olacağımı gözləmirdim. Komanda yoldaşlarım isinmə hərəkətlərini yerinə yetirməyə getmişdilər. Əlibəy Məmmədli mənə dedi ki, gəl, isinmə hərəkətləri et. Kamrana da yaxınlaşdım, bildirdi ki, dizim ağrayır. Deyəsən, keçmiş zədəsini yeniləyib. Mən də isinmə hərəkətlərini bir az zəif etmişdim, daha doğrusu yerinə yetirməmişdim. Şükür allaha, yaxşı oynadım. Əsas odu ki, məğlub olmadıq.
- Bir neçə epizodda komandanı real qoldan xilas etdin. Məsələn, Mahir Mədətova qol vurmağa şans vermədin…
- Şükür allaha, mənim işim budu. Meydana daxil oldum, elə alındı ki, komandaya kömək edə bildim. Buna görə sevinirəm. Səfərdə “Qarabağ”dan xal almaq uğurun bir parçasıdı. Komanda yoldaşlarımı təbrik edirəm. Bundan sonra “Kəpəz”lə oyuna hazırlaşacağıq.
- “Qarabağ”dan 1 xal qazanmaq hazırkı durumda “Keşlə” üçün 3 xala bərabərdi?
- Bəli, çünki “Qarabağ” Azərbaycanı Çempionlar Liqasında təmsil edir. “Qarabağ” 3-4 ilin yox, 10 ilin komandasıdı. Bizim komanda isə yenidi. Çalışırıq ki, “Keşlə”nin adını bir qədər də qaldıraq. Əsas hədəfimiz kuboku qazanmaqdı.
- Slavik möhtəşəm qola imza atdı. Bu barədə nə deyə bilərsən?
- Əla qol alındı. Slavik məşqlərdə belə zərbələr üzərində çalışır. Bu gün də yaxşı alındı. Onu təbrik edirəm. Sevindirici haldı ki, komandamızda müdafiəçilər də qol vura bilir.
- Komandanın üzvü Ebrima Sohna son zamanlar təndiqlərə məruz qalırdı. Əsas məsələ odu ki, Sohna kənardan futbolçuya bənzəmir. Sohna məşqlərdə necə təsir bağışlayır?
- Komandanın transferləri haqda danışmağa heç bir futbolçunun haqqı yoxdu. Onu da bizim komandaya gətiriblər. Bilirsiniz ki, qışda futbolçu tapmaq bir az çətindi.
- Sanki futbolçular ona güvənmirlər.
- Xeyr, Ebrima komanda üçün əlindən gələni edir. Sadəcə, ola bilər, bir qədər yorğun görünürdü. Çünki “İnter Arena”da məşq etmək həqiqətən çətindi. O da yeni gələnlər kimi nəsə etməyə çalışır. Uğurlar arzu edirəm.
- Epizodların birində Dani Kintana ilə mübahisə edirdin. Nə baş verirdi?
- Epizoddan sonra olan bir şey idi. Hakim sarı vərəqə göstərdi və Dani ingiliscə bir qədər artıq danışdı, mən də cavabını qaytardım. Oyundan sonra yaxınlaşdım, problem olmadığını bildirdi. Sadəcə, oyunda hakim var və o, mənə sarı vərəqə veribsə, sən artıq danışmamalısan. O da oyunda olan bir şey idi. Dani ilə oyundan sonra barışdıq, problemimiz qalmadı.
- Millinin toplanışına dəvət almamışdın. Ümumiyyətlə, belə bir təklif gözləyirdin?
- Millidən həmişə dəvət gözləyirik. Çünki milli elə bir yerdi ki, orda kin saxlamaq, başqa bir şey fikirləşmək olmaz. İnşallah, gələcəkdə dəvət alaram, əlimdən gələni edərəm. Hər şey özümdən asılıdı. Oynamaq, inkişaf etmək istəyirəm. Ümid edirəm ki, bunu bacaracam. İnşallah, gələn toplanışlarda milliyə dəvət alacam.
saytlarin hazirlanmasi