Samir Əliyev: "Əsas məqsəd qapazaltı olmamaq idi, bunu da bacardıq" MÜSAHİBƏ

22:11 - 2 Aprel 2018

Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Neftçi”yə uduzan (0:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Çalışırdıq ki, “Neftçi”ni 3-cü zonada sıxaq. Bəzən alındı, bəzən yox. Komandamın oyunundan razı qaldım. Matçdan sonra futbolçulara təşəkkür etdim. Hələlik, ustalıq səviyyəmiz buna imkan verir.

 

- İlk və ikinci hissənin əvvəllərində komanda zəif təsir bağışlayırdı...
- Buna hazır idik. Bizə lazım idi ki, ilk 15-20 dəqiqədə bu təzyiqə dözək. Ola bilsin, bu, komandanın həyəcanı ilə bağlıdı. Normaldı. Məğlub olmağımıza baxmayaraq, komandadan narazı qalmadım. 0:1-də qol fürsətlərimiz də var idi.

 

- “Neftçi” ilə çempionatdakı ilk oyununuzda qalib gəlmişdiz. Son iki matçda isə bu komandadan 6 qol buraxdız. Bu müddətdə dəyişən nə olub? 
- İkinci turda 1:0 hesabıyla qalib gəlmişdik. Lakin 0:4 hesabıyla məğlub olduğumuz oyunda bərbad oynamışdıq. “Neftçi” də həmin komanda deyil. Bu komanda son vaxtlada yüksəlişdədi.

 

- Ayron Statinin protokolda adı yox idi.
- O, yığmadan yeni qayıdıb, yorğun idi. Ola bilsin, növbəti oyunda şans qazansın.

 

- Çempionatda hansı komandanın oyununa baxıb, təsəlli tapırsız ki biz bunlardan daha yaxşıyıq?
- Heç bir komandaya. Öz oyunumuza baxır, oyunumuzu təkmilləşdirməyə çalışırıq. Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur. Pillə-pillə irəliləməyə çalışacağıq.

 

- Komanda növbəti mövsümdə avrokubokları hədəfləyəcək?
- Növbəti mövsümdə rəhbərlik qarşımıza hansı hədəfi qoyacaq, bilmirəm. Lakin növbəti mövsüm üçün komandanı formalaşdırmağa başlayacağıq. Bu mövsüm əsas məqsəd qapazaltı olmamaq idi. Bunu da bacardıq.

 

- Komandanın buraxdığı ikinci qol barədə nə deyə bilərsiz?
- Buna qapıçılarla işləyən məşqçilər qərar verəcək. Komanda qol buraxıbsa, bunda hamı günahkardı. (Komanda.az)

Xəbər xətti