Sabah Topaz Premyer Liqasında sonuncu – IV dövrəyə start veriləcək. 22-ci turun görüşləri iki gün ərzində reallaşacaq.
Tura Gəncədə start veriləcək. Bölgədə autsayderlər münasibətlərə aydınlıq gətirəcək. “Kəpəz” paytaxtın “Keşlə” klubunu qəbul edəcək. Meydan sahibləri qalib gəlməklə xal fərqini azaltmağa çalışacaq.
“Kəpəz” - “Keşlə” – 29 oyun, +6=6-17, top fərqi 27-51
“Keşlə” son 5 səfər qarşılaşmasında bir dəfə qalib gəlib. Cari mövsüm baş tutan hər üç qarşılaşmanı qonaqlar qolsuz tərk etməyib.
Günün digər matçında lider “Qarabağ” debütant “Səbail”i qəbul edəcək. Bu mövsüm Ağdam klubu paytaxt təmsilçisini 3 dəfə məğlub edib. Çempionluq yolunda inamla addımlayan “köhlən atlar” bu qarşılaşmada da qələbəni hədəfləyib. Debüt mövsümündə qapazaltı olmayan “Səbail” lideri büdrətməyə çalışacaq.
“Qarabağ” – “Səbail” – 3 oyun, +3=0-0, top fərqi 4-0
Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç oyununda “Qarabağ” qələbə qazanıb. “Səbail” isə bu matçlarda qol vura bilməyib.
Turun ikinci günündə avrokubokları hədəfləyən komandalar üz-üzə gələcək.
Qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan “Zirə” qeyri-stabil oyun sərgiləyən “Qəbələ”ni qəbul edəcək. Yenidən 3-cü pilləni qaytarmaq və “qara zolaq”dan çıxmağı hədəfləyən qəsəbə klubu meydandan 3 xalla ayrılmağı hədəfləyir. “Qəbələ” isə “Qarabağ”a çatmaq və “Sumqayıt”dan uzaqlaşmaq üçün qələbə qazanmalıdır.
“Zirə” – “Qəbələ” – 11 oyun, +3=4-4, top fərqi 10-14
“Qəbələ” 8 matçdır meydanı qolsuz tərk etmir. “Zirə” son 8 oyunda yalnız bir dəfə qələbə qazanıb.
Tura paytaxtda yekun vurulacaq. “Neftçi” 5 xal geri qaldığı “Sumqayıt”ı qəbul edəcək. Qış fasiləsindən sonra inamlı çıxış edən komandaların dueli maraqla gözlənilir. Meydan sahibləri “Sumqayıt” və “Zirə” ilə xal fərqini azaltmaq üçün qalib gəlməyi hədəfləyir. Uğurlu qrafik cızan “Sumqayıt” isə məğlubiyyətsizlik seriyasını bu matçda da davam etdirməyə çalışacaq.
“Neftçi” – “Sumqayıt” – 23 oyun, +12=2-9, top fərqi 37-28
Son 6 qarşılaşmada meydan sahibi olan tərəf qələbə qazanıb. “Sumqayıt” son 4 matçı qolsuz tərk etmiyib.
Sportal.az
saytlarin hazirlanmasi