Elvin Yunuszadə: "100 dəfə diqqətli olmalıyam ki, səhvi təkrar etməyəm" MÜSAHİBƏ

21:36 - 7 Aprel 2018

Topaz Premyer Liqasının 22-ci turunda lider "Qarabağ" debütant "Səbail"ə 1:0 hesabıyla qalib gəlib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Elvin Yunuszadə oyundan sonra jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə oyundan danışıb:

 

- “Səbail”lə çempionatımızda çətin oyunlarımızdan birini keçirdik. Yanvardan bəri asan oyun olmayıb. Qalib gələ bildik. 3 xal bizim üçün vacib idi. Artıq növbəti oyunu düşünməliyik.

 

- Gec olsa da, bu barədə soruşmaq istərdik. Millidən kənarlaşdırılmağın və “Qarabağ”da əvəzedici heyətə göndərilməyinlə bağlı qərardan danışardın...

- Bu, haqlı qərar idi. Nə məslət gördülərsə, tabe oldum. Qurban müəllimlə də söhbətimiz baş tutdu, hər şeyi qaydasına qoyduq. Söz verdim ki, belə səhvi təkrar etməyəcəm. O da məni anladı. Həmişəki kimi yanımda oldu.

 

- Milliyə dəvət alacaqsan?

- Artıq bunu Qurban Qurbanovdan soruşmaq lazımdır. Mən canla-başla hazırlaşmağa davam edəcəm. Qərarı isə baş məşqçi verəcək. Çağırmasa da hörmətlə yanaşacam.

 

- İkinci dəfə Qurban Qurbanov səni əfv etdi. Belə deyək, Allah üçüncüdən saxlasın?

- Hər şeydən öncə deyim ki, bunu bilərəkdən etmədim. Ancaq səhv səhvdir. İstəməyərəkdən olsa belə. Bunu boynuma alıram. Gərək 10 dəfə, hətta 100 dəfə diqqətli olum ki, səhvi təkrar etməyəm.

 

- Bir neçə epizodda səhvə yol verdin. Bu, həyəcanlı olmağınla əlaqəli idi?

- Sonuncu dəfə “Neftçi” ilə görüşdə oynamışdım. 4 həftəyə yaxın idi ki, meydanlara çıxmırdım. Gözlədiymdən hətta yaxşı çıxış etdim. Əvvəlki oyunlarda da səhv etmişəm. Amma bugünkü matçdakı səhvlərim gözə görünməli idi ki, bunu da başa düşürəm.

 

- Bədavi Hüseynovun yoxluğunda daha çox oynayırsan. Artıq o, geri dönməyə hazırlaşır...

- Çox sevinirəm ki, geri dönür. Dostum və komanda yoldaşımdır. Bədavi olanda da çox oynamışıq. Buna ancaq sevinirəm.

Xəbər xətti