“Futbolçulara baxırıq, bir oyunla fikir bildirmək düzgün olmaz. Açığı, bütün oyunçuların hər bir matçını analiz edirik”.
Sportal.az xəbər verir ki, bunu Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” görüşünü canlı izləyən Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
46 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı turlarda da yığmanın mart toplanışına olmayan futbolçulara baxacaq: “Statistik göstəriciləri götürüb, maraqlanırıq. Təxminən 3-5 görüşdən bir ümumi analiz aparırıq. Futbolçuların hazırlıq səviyyəsinə, nə dərəcədə faydalı olmalarına baxırıq. Qarşıdakı turlarda da bizimlə toplanışda olmayanların durumlarına baxacağıq”.
- Bu matçda məcburi dəyişiklik oldu. "Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı zədələndi və onun yerinə Aqil Məmmədov meydana çıxdı. O da yığmaya namizədlərdən hesab olunur. Sanki artıq çəkisi var...
- (gülür) Elə mənim də gözümə ilk bu dəydi.
- Ruslan Qurbanov bu gün "Qəbələ”nin heyətində cinah müdafiəçisi kimi çıxış edir. Özünü necə göstərir?
- Bu, ilk deyil. Baş məşqçiləri bəzi matçlarda bu mövqeyə qoyur. Məsələn, "Keşlə” ilə görüşdə sağdan hücumçu mövqeyinda oynayırdı. Məni sevindirən odu ki, baş məşqçi futbolçunu harada qoysa, oynaya biləcəyi məsuliyyəti hiss etdiyi üçün bu cür edir. Ondan həm müdafiədə, həm də hücumda istifadə edir.
- Millinin toplanışına "Zirə”dən heç kim dəvət olunmamışdı. Bu gün diqqətinizi çəkən futbolçu var?
- Təkcə bu gün deyil, bütün oyunlarını izləyirik. Hər toplanışda fərqli adlar ola bilər. Ola bilər ki, hansısa futbolçunun hazırlıq səviyyəsi həmin anda digərlərindən yaxşı olsun. Kimsə bu gün çağırılmayıbsa, bu, onun sabah da sıralarımızda olmayacağı demək deyil. Hamını nəzarətdə saxlamağa çalışırıq.
- Necə oldu ki, millinin düşərgəsində intizamsızlığa görə cəzalandırdığınız Elvin Yunuszadəni bağışladınız? Üçüncü dəfə belə hal olsa, günahından keçəcəksiz?
- Elvin elə bir insandı ki, ondan bu cür şeyləri 3 yox, 13-cü dəfə də gözləmək olar (gülür). Bu cür hallarda özüm futbol oynadığım vaxtları gözümün önünə gətirmişəm. O qədər olub ki, məşqçilər bəzi hərəkətlərimə göz yumublar. Özlərini görməməzliyə vurublar və bəzi hallarda bağışlayıblar. Futbolda belə hallar olur. Amma cəza verilməsi mütləqdi. Elə olur ki, 10 gün cəza alır və ya böyük məbləğdə pul cəriməsi kəsilir. Komandada 20 fərqli futbolçu varsa, bu cür hallara mütləq rast gələcəyik. Hətta evdə 3-5 uşağın varsa, onlardan biri ərköyün olur. Hirslənirsən, amma sonra bağışlayırsan. Səhvini başa düşsün, özünü yığışdırsın. Tək ona yox, hamıya aiddi. İşini sevsin. Təklikdə söhbətimiz oldu. Düşünürəm ki, burada danışmağa ehtiyac yoxdu.
- Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan millisinə dəvət alması üçün peşəkar kluba keçib. Onun kiçik qardaşı Renat isə nizam-intizamsızlığa görə "Ayntraxt"dan qovulub. Bu qardaşların milli perspektivi haqda danışardınız...
- Özünüz də yaxşı bilirsiz ki, hər toplanışa bütün futbolçuları dəvət edə bilmərik. Ancaq bir şeyi əminliklə deyə bilərəm ki, bütün futbolçular nəzarətimiz altındadı. Rüfətin milliyə görə daha iddialı klub seçməsi sevindirici fikirdi. Kimin potensialı daha yuxarı olacaq, hər futbolçuya şans verməyə çalışacağıq. Renata gəincə, onun haqda danışmağa ehtiyac yoxdu. Gördüyünüz kimi, hələ sıralarımızda yoxdu. İnsandı da, ola bilər ki, bir ili özünü pis aparsın, bir il yaxşı. Bu, gənc yaşlarının səhvi ola bilər. Renat millimizdə də oynayıb, U-21-in də üzvü olub. Mənim üçün vacib olan işinə istəklə yanaşması, klubunda daim stabil çıxış etməsidi.
- Milli üzvlərinin 90 faizindən çoxu daxili çempionatda çıxış edir. Premyer Liqada da temp, demək olar ki, yoxdu. Bu amil seçim zamanı işinizi çətinləşdirmir?
- Biz nə seçim varsa, onu edirik. Çalışırıq daha yaxşılarını cəlb edək. Bəzən səhvlərimiz ola bilər, nədəsə yanıla bilərik. Oyunçu meydanda və həyatda fərqli davrana bilər. Tempə gəldikdə, sürəti mütləq artırmalıyıq. Amma yanvardan bəri sürət, mübarizə, oyun nizam-intizamı baxımından bütün komandaların oyunlarında yaxşılığa doğru dəyişiklik görürəm. Bu hal məni bir az sevindirir. Ancaq çox azdı.
- Pedro Enrike üçün PAOK-un 5 milyon avro tələb etdiyi bildirilir...
- 5 milyonumuz yoxdu (gülür). Əlbəttə ki, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadı. Vaxtı gələndə bu barədə danışacağıq.
- Milli komandalarda sistem formalaşmaqdadı. Bəs təsisləşmə baxımından vəziyyət nə yerdədi? Yaxın zamanda planda ayrı ofisə köçmək, yeni sosial şəbəkə açmaq varmı?
- Ofislə bağlı işlər gedir. Tam hazır olmalıdı. Bu, bir günün içində olan şey deyil, müəyyən vaxt lazımdı. Aylar keçdikcə bunları hissə-hissə həyata keçirməyimiz müsbət hal olacaq. Çalışırıq rəhbərliklə bir yerdə yaxşı iş ortaya çıxaraq. (Komanda.az)