“Üç xal qazanmaq üçün meydana çıxmışdıq. Komandamızın oyunundan razı qaldım”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XXII turunda öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:
“İkinci hissə daha maraqlı oyun alındı. Qolları futbol oynadığımız üçün buraxırıq. Heç nə itirməmişik, yolumuza davam etmək niyyətindəyik”.
- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Zirə” ilə oyundan sonra dedi ki, futbolçularımda ehtiras çatışmır, bəlkə də, kuboka daha çox kökləniblər. “Neftçi” də kubok oyununa “Qəbələ” qədər köklənib?
- Biz hər iki cəbhədə mübarizə aparırıq. Nə qədər danışsaq da, meydanda futbolçular mübarizə aparırlar. Bizim hər iki cəbhədə şansımız var. Çempionata da, kuboka da eyni gözlə baxırıq.
- “Neftçi”nin sabiq futbolçusu Cavid İmamverdiyev “Sumqayıt”da uğurlu çıxış edir. Onun “Neftçi”dən göndərilməsinə peşman deyilsiniz?
- Mənim işim deyil. Mən ilk dəfə gələndə demişdim ki, Cavidlə Arazın hansı səbəbdən komandadan getdiyini bilmirəm. İstərdim ki, onlar bu komandada olsunlar. Amma bu, mənim düşünəcəyim iş deyil.
- Soni Mustivar bir hissə ərzində heç nə ilə yadda qalmadı. Demək olarmı ki, onun üçün ən azı bu mövsüm uğursuz keçəcək?
- Hamının öz subyektiv fikri var. Onun meydanda gördüyü işə baxmaq lazımdı. Fiziki cəhətdən tam hazır deyil. Amma bu, o demək deyil ki, 45 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Gələcək oyunlarda bizə daha çox xeyir verəcək. Əvəzlənməsi yorğunluğu ilə bağlı idi.
- Qışa qədər Namiq Ələsgərovdan narazı idiz. Amma indi komandanın aparıcı futbolçularından biridi. Onu bu vəziyyətə gətirmək üçün nə etdiniz?
- Çox istərdik ki, bütün azərbaycanlı futbolçular daha yaxşı oynasınlar. Antalyada olanda o mənə dedi ki, Slovakiyaya getmək istəyirəm. Mən də dedim, yolun açıqdı. Onun ilk dövrədəki oyunlarından narazı idim. Sonra onunla fərdi söhbətim oldu. Namiqə əvvəlki oyununun qaytarmasının lazım olduğunu dedim. Bu gün yaxşı oynayır. Özü nəticə çıxarıb. Bu oyunda potensialından aşağı çıxış etdi. O, Makedoniya ilə oyundan zədəli qayıtmışdı. Biz onu Azərbaycan futbolu üçün qazanmışıq.
- Qış fasiləsi transferlər üçün uğurlu sayılmır. İndidən növbəti mövsüm üçün planlarınızı qurmususmu?
- Klubun idman direktoru ilə söhbətimiz olub. Bəzi mövqelərə oyunçu axtarışına başlamışıq. Daha yaxşı çıxış etməyimiz üçün ehtiyac var. Qışda yaxşı transfer edə bilməsək də, artıq bununla barışmalıyıq. Ola bilər ki, Ceyhun Sultanovla birgə mən də gedib bəzi futbolçuları izləyim. Artıq gələn mövsümü fikirləşmək lazımdır. Sonra gec ola bilər.
- Yeni transferlər siyahısında Tural Axundov və Cavid İmamverdiyev var?
- Hələ ki, yerlilərlə bağlı qərar verilməyib. Sırf legionerləri fikirləşirik. Daha yaxşı əcnəbilər istəyirik. Yerlilər isə göz önündədi. Mayın əvvəli yerli futbolçular siyahısı rəhbərliyə təklif olunacaq.
saytlarin hazirlanmasi