Vüqar Bəybalayev: "Bu yolda fikrimi sağa-sola yönəltmək niyyətim yoxdur" MÜSAHİBƏ

23:28 - 9 Aprel 2018

"Sumqayıt"ın futbolçusu Vüqar Bəybalayev Sportal.az saytın müsahibə verib.
 
25 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:
 
- “Neftçi” ilə 6 xallıq oyunda məğlub olmadız və 3-cü pilləni qoruyub saxladız. Bu oyunla bağlı fikirlərin necədir?
- “Neftçi” ilə oyunun öncədən çətin keçəcəyini bilirdik. Məsuliyyəti dərk edirdik və şükürlər olsun ki, uduzmadıq. Bakıya 1 xal üçün deyil, qalib gəlmək üçün yollanmışdıq. Lakin bu nəticəni də pis hesab etmirəm. Öz mövqeyimizi qoruyub saxladıq. Çoxlu şanslarımız oldu. Rəqibin də fürsətləri var idi. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.
 
 
- Qarşıda kubok oyunları gözləyir. Komanda “Keşlə”ni mübarizədən kənarlaşdıra bilər?
- Əlbəttə, komandamız “Keşlə”ni kubokdan kənarlaşdırmaq gücündədir. Ancaq futbolda hər şey ola bilər. İki oyundan sonra bütün suallara aydınlıq gələcək. Ümid edirəm ki, finala biz yüksələcəyik.
 
- İki cəbhədə mübarizə aparmağa konsentrasiya ola biləcəksiz?
- Hər iki cəbhədə mübarizə aparmaq bizim üçün çətin olmayacaq. Bütün oyunlara qələbə əzmiylə çıxırıq. Hər iki yarışda uğur qazanmaq şansımız var. Mübarizəni davam etdirəcəyik. Komandamızın buna gücü çatacaq.
 
 
- Çempionatdakı inamlı çıxış kubokda sizi motivasiya edə bilər?
- Bəli, 10 oyundur ki, uduzmuruq. Bunun da psixoloji cəhətdən bizə köməyi var. Ancaq hər şeyə peşəkar yanaşmaq lazımdır. Kubok oyunlarına da mərhələni adlamaq üçün çıxacağıq.
 
- Komandanın kubok və çempionatda əsas iddiası nədir?
- Komandamızın çempionatda qarşısına avrokuboklara vəsiqə qazanmaq qoyulub. Kubokda isə bacardığımız qədər irəliləmək istəyirik. Elə bir vəziyyət yaranıb ki, finala adlayaraq kuboku qazana bilərik. Niyə də yox?! Çempionatda 3-cü yeri tutmaq şansımız var. Ümid edirəm ki, mövsümün sonunda hər şey bizim üçün yaxşı olacaq.
 
 
- Komanda daxilində avrokuboklar nəfəsi hiss olunurmu?
- Belə şeyi indidən danışmaq çox tezdir. Məqsədə doğru irəliləyirik. Çox gözəldir ki, hədəflərimizə doğru addımlayırıq. Avrokubok nəfəsini hiss etmək hələ tezdir. Bizi 6 tur gözləyir və kubokda iki matçımız var. Arxayınlaşmaq olmaz.
 
- “Sumqayıt”ın bir neçə futbolçusunun adı “Neftçi” ilə hallanır. “Neftçi”dən təklif alsan, dəyərləndirmək istəyərsən?
- Hədəflərimizə doğru irəliləyirik. Bu yolda fikrimi sağa-sola yönəltmək niyyətim yoxdur. Bütün diqqətimi komandama cəmləmişəm. Burdakı işimizi bitirməliyik. Missiyamızız başa çatdıqdan sonra bu haqda nəsə danışmaq olar. Tək fikrim “Sumqayıt”a bağlıdır. Doğma şəhərimin komandasıyla avrokuboklara vəsiqə qazanmaqla yanaşı, çempionatda 3-cü yeri tutmaq və kubokda qalib olmağı istəyirəm.
 
 
- Son siyahıda “Sumqayıt”dan 4 futbolçu milliyə dəvət aldı. Yəqin ki, hər bir futbolçu kimi səndə də inam və istək artıb...
- Əlbəttə, bizim üçün sevindirici hal oldu ki, “Sumqayıt”dan 4 futbolçu əsas yığmaya dəvət aldı. Həvəs, istək, əzm hər zaman var idi. Milliyə düşmək üçün daim üzərimdə çalışıram. Ümid edirəm ki, gələcəkdə millinin formasını geyinmək şərəfinə nail olacam. Bunun üçün üzərimdə çalışıram və davam edirəm.
 
- Öz karyeran barədə danışaq. Bu mövsümdən “Sumqayıt”dasan. Komandada özünü necə hiss edirsən?
- Mövsümün əvvəlindən burdayam. Həqiqətən də özümü xoşbəxt hiss edirəm. Doğma şəhərimi təmsil edən klubda çıxış etdiyim üçün sevincliyəm. Gözəl komanda, məşqçilər heyəti və texniki işçilərimiz var. Əla kollektiv formalaşıb. Bu kollektivlə birgə olduğum üçün sevinirəm.
 
 
- “Kəpəz”də karyeranın uğursuz alındığını düşünürsənmi?
- Xeyr, elə düşünmürəm. “Kəpəz” də karyeramın maraqlı vaxtlarından biridir. Gəncədə çoxsaylı azarkeşlərin önündə oynamaq xüsusi zövq verirdi. Amma orada potensialımı aça bilmirdim. Bunu da hiss edirdim. Bu səbəbdən də özümü başqa komandada sınamaq qərarını verdim. Ona görə də “Sumqayıt”a keçdim.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti