Millimizin üzvü, "Qəbələ"yə bir müddət əvvəl transfer olan Rauf Əliyev Sportal.az saytına müsahibə verib.
29 yaşlı hücumçunun müsahibəsini təqdim edirik:
- “Qəbələ”də məşqlərin necə gedir?
- Hazırlığım normal şəkildə gedir. Komandanın daxilindəyəm. Yeganə problem odur ki, məlum səbəblərdən oynamıram. Digər məsələlər öz qaydasındadır.
- Albaniyanın “Kukesi” klubundan ayrılmağa səbəb sırf olaraq nə idi?
- Ordakı ümumi vəziyyətə görə ayrıldım. Fikrim var idi ki, orada qalım. Hətta daha yaxşı ölkənin çempionatına yollanmaq istəyirdim. Amma bəxtimdən alınmadı. Albaniyanın ən problemli klubuna getmişdim. Klub içində çox problemlə üzləşdim. O qədər başıma işlər gəldi ki... 5 ay ərzində futbol düşünə bilmirdim. Oranı tərk etmək istəyirdim. Elə bir prezidentimiz var idi ki, mən hələ elə bir insana rast gəlməmişdim. Bir sözlə, futboldan başqa hər şey var idi.
- “Kukesi”yə gedəndə sənə bu haqda məlumat verilməmişdi?
- Məlumatım az idi. 3-4 günün içində qərar verdim ki, Albaniyaya gedəcəm. Həmin vaxt “Keşlə”də də vəziyyət ürəkaçan deyildi. Deyirdim ki, buranı tərk edim. Bir-iki nəfərdən soruşdum və bildirdilər ki, prezident problemli adamdır, çətinliyi var. Amma klubun şəraitini nəzərə almadım. Ani qərar vermişdim.
- “Kukesi”dən ayrıldıqdan sonra bir neçə təklifin olsa da, “Qəbələ”ni seçdin. Seçimin nə ilə bağlı oldu?
- “Qəbələ” ilə bir müddət danışıq apardıq. Hətta Albaniyaya getməmişdən öncə mənə bu komanda təklif etmişdi. Sadəcə, mən özüm xaricə getmək istədim. Ancaq sağ olsunlar ki, geri dönəndən sonra mənə yenidən təklif göndərdilər. Başqa təkliflər də var idi. Ölkə xaricindən oynaya biləcəyim çempionatlardan seçimlər var idi. Amma o çətinliyi görmüşdüm. Düşündüm ki, yenidən nəsə baş verər. Ehtiyat etdim. Əgər yenə nəsə baş versəydi, mənim üçün ikiqat zərbə olacaqdı.
- Bir müddət futbolsuz qalmaq sənə necə təsir edəcək?
- Əlbəttə, çətinlik olacaq. Ancaq zədəli vaxtlarımda da belə olmuşam. Ancaq indi məşqlər edirəm. 6-7 ay müalicə olunduğum üçün futboldan uzaq qalmışdım. Onu fikirləşəndə ancaq gözləmək qalır. Başqa nə edə bilərəm ki?
- Premyer Liqada ötən mövsümün bombardirinin “Qəbələ”də hədəfləri nədir?
- Əsas oynamaq istəyirəm. Bu müddət ərzində “Qəbələ”yə kömək olmaq və yenidən milli komandaya dönməyi arzu edirəm. Əlimdən gələni edəcəm.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi