Fərhad Vəliyev: “Hər iki cəbhədə irəli getmək üçün gücümüz var” MÜSAHİBƏ

11:19 - 10 Aprel 2018

“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev Sportal.az saytına müsahibə verib.

 

- Ölkə kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə qarşılaşacaqsız. Şansınızı necə dəyərləndirirsiz?
- Rəqibimiz asan deyil. “Keşlə” son oyunlarda göstərir ki, asan şəkildə məğlub olan komanda deyil. Bizi bu baxımdan çətin oyunlar gözləyir. Çempionat oyunlarda 3-cü dövrəni məğlubiyyətsiz keçirdik. Sonuncu dövrəyə də yaxşı başladıq. İstəyirik ki, “Keşlə”ni mübarizədən kənarlaşdıraraq finala çıxaq. 
 
 
- Kubokla çempionat oyunları tam fərqlidir. 3-cü dövrədə rəqibinizə səfərdə qalib gəlmisiz. “Keşlə” Premyer Liqadakı iddialarından əlini üzüb və diqqətini kuboka yönəldib. Bu baxımdan tam fərqli oyun görə bilərikmi?
- Düzgün vurğuladınız. Çempionatla kubok matçları tam fərqli atmosferdə keçir. Çünki iki oyundan ibraət olacaq. Düşünürəm ki, “Keşlə” də bütün fikrini kuboka cəmləyib. Onlar da finala adlamağı arzulayır. Asan oyunlar olmayacaq. Səfərdən çalışacağıq ki, sərfəli nəticə ilə dönək və ev oyununda mərhələni adlayaq.
 
- “Sumqayıt” iki cəbhədə aparır.  Avrokuboklara həm çempionatdan, həm də kubokdan vəsiqə qazanmaq mümkündür. “Sumqayıt”ın iki yarışda mübarizə aparmaq gücü çatacaq, yoxsa bu iki yoldan birini seçəcəksiz?
- Biz çempionatla kuboka eyni hazırlaşırıq. Uğurlu çıxış etmək istəyirik. Hər birinə ciddi yanaşırıq. Komandamızda yerli oyunçulardır. Sona qədər mübarizə aparmaq istəyirik. Premyer Liqadakı 3-cü yeri əldən vermək istəmirik. Kubokda isə finala çıxmaq istəyirik. Çalışacağıq ki, ölkə kubokunu qazanaraq “Sumqayıt” tarixində ilkə imza ataq. Hər iki cəbhədə irəli getmək üçün gücümüz var. Bizim baş məşqçimiz də bunu söyləyir. Komanda daxilində də futbolçular bu cür düşünür.
 
 
- “Keşlə”nin hansı cəhətini üstün sayırsız?
- “Keşlə” də bir az bizə oxşar futbol nümayiş etdirir. Oyunlarını müdafiədən qururlar və əks-hücumlarda rəqibi yaxalayırlar. Onların matçlarını izləyirik. Çalışacağıq ki, öz oyunumuzu sərgiləyək. Bizim də öz oyun nizam-intizamımız var. Finala vəsiqə qazanmaq üçün yaxşı çıxış etməliyik.
 
 
- Kubokda penaltilər seriyasının da olması mümkündür. Bunun üzərində çalışırsız?
- Əlbəttə, hazırlaşıram. Kubok tarixlərinə göz gəzdirsək, penaltilər seriyası ilə üz-üzə gəldiyimi görərik. Bu turnirdə elə cür ola bilər ki, qalib əsas və əlavə vaxtda müəyyənləşməsin. Bunu da düşünürük. “Keşlə”də qapıçı Kamran Ağayevdir. Millimizin üzvüdür və kifayət qədər təcrübəsi var. Mənim də təcrübəm böyükdür. Penaltilər seriyasını da düşünürük.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti