Saşa Yunisoğlu karyerasını başa vurub? AÇIQLAMA

12:24 - 10 Aprel 2018

“Karyeramı başa vurmamışam. Mən həmişə demişəm ki, Azərbaycanda 40 yaşa kimi futbol oynamaq olar”.

 

Bu sözləri milli komandamızın sabiq futbolçusu və bir sıra iddialı klublarda çıxış edən Saşa Yunisoğlu Sportal.az saytına açıqlamasında söyləyib. Hazırda klubsuz olan 32 yaşlı müdafiəçi karyerasını başa vurmaq fikrində olmadığını deyib:

 

"Butsılarımı mıxdan asmaq fikrim yoxdur. Bu il oynamasam da, bu, o demək deyil ki, karyeramı bitirmişəm. Sadəcə, çempionatda komandaların sayı az olduğu üçün klubsuz qalmışam. Məndən başqa da çox futbolçu klubsuz qaldı. Bəziləri I Diviziona yollandı. Mən isə aşağı dəstədə oynamaq istəmirəm. Mən ancaq I Divizionda “Səbail”də çıxış etmişəm. Çünki AFFA-nın komandasıdır, şəraiti əla idi. Ancaq bu mövsüm belə bir komanda olmadığı üçün fikirləşdim ki, divizionda oynamayım. Komanda sayı da azdır. Gələn il klubların sayı artsa, oynayacam. 3 il oynamasam da, karyeramı başa vurmayacam. Futbola davam etmək fikrim var”.

 

Saşa Yunisoğlu gələcəkdə məşqçi kurlarına qatılmaq fikrində olduğunu deyib:

 

“Biz futbolçuyuq, ömrümüzü bu idmana həsr etmişik. Məşqçi ola da bilərəm. Niyə də yox?! Yəqin ki, məşqçilik kursların qatılacam”.

 

Qeyd edək ki, Yunisoğlu "Xəzər Universiteti", "Neftçi", "Bakılı", "MKT-Araz", "Diskoboliya", "Poloniya" (hər ikisi Polşa), "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", "Dənizlispor" (Türkiyə), "Araz-Naxçıvan", "Rəvan" və "Səbail"də çıxış edib. 32 yaşlı oyunçu 28 dəfə milli komandamızın formasını geyinib.

Xəbər xətti