Yunis Hüseynov: "Futbolçunu belə tənqid etmək düzgün deyil" MÜSAHİBƏ

12:12 - 11 Aprel 2018

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Sportal.az saytına müsahibə verib.

 

- Qış fasiləsindən sonra komandada böyük dəyişikliklər olsa da, "Kəpəz" son piilədə qərarlaşıb. Çıxışınızı necə dəyərləndirirsiniz?

- Qış fasiləsindən sonra komandamızda çox dəyişikliklər etdik. Bunun da səbəbi son pillədə olmağımızla əlaqədar idi. Düzdü, indi də zirzəmidəyik. Dəyişikliklərə baxmayaraq, son pillədən qurtula bilməmişik. 5 oyunda məğlub olsaq da, bunların dördündə yenilgiyə layiq deyildik. 4 oyunda 85-ci dəqiqədən sonra buraxılan qollarla uduzmuşuq. Son pillə “Kəpəz”ə yaraşmır. Bu oyunla sonuncu yerdə getmək üst-üstə düşmür. “Kəpəz” öz oyunu ilə axırncı pilləyə layiq deyil. Qış fasiləsində gələn futbolçular da çalışır ki, özlərini yaxşı tərəfdən göstərsin. Komandamızı bu ağır  vəziyyətdən çıxarmaq üçün çalışırlar. Qarşıda 6 tur var. Çalışmalıyıq ki, bu oyunlarda nəsə edə bilək.
 
- Növbəti turda çempionluğun bir addımlığında olan “Qarabağ”la qarşılaşacaqsız. “Kəpəz” bu turda sürpriz edə bilər?
- “Qarabağ” çempion komandadır. Bu mövsüm üçün də çempionluğu demək olar ki, təmin ediblər. Ağır oyun olacaq. Çalışacağıq ki, uduzmayaq. Son iki matçda uduzmamışıq. Amma qalib də gələ bilmirik. Son matçda çoxlu qol şanslarımız olmuşdu. “Keşlə” ilə oyunda qalib gəlməli idik. Çalışacağıq ki, layiqli oynayaq. Bu oyunda uduzmaq istəmirik. Təbii ki, qələbə üçün meydana çıxacağıq. Meydanda bütün suallara aydınlıq gələcək.
 
- “Kəpəz”də çatışmayan amil şansdır?
- Bəli, 3-4 oyunda bizim bəxtimiz gətirmədi.
 
- Qış fasiləsində heyətə cəlb edilən Dieqo Souza çox tənqid edilir. Onun “Kəpəz”ə layiq futbolçu olmadığını deyirlər...
- Bəli, buna mən də rastlaşıram. Mən deyərdim ki, Souza tənqidəlayiq futbol da nümayiş etdirməyib. Son oyunda qaçarkən bir az ehtiyatlı davrandı. Bunu da zədəyə görə belə etdi. Futbolçunu belə tənqid etmək düzgün deyil. Hər bir futbolçu zəif oynaya bilər, səhvləri olar.
 
- 7-ci pillədən 6 xal geri qalırsız. Son 6 turda bu geriliyi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?
- İki turda qalib gəlsən, rəqibə çatırsan. Digər komandaları da izləyirik. Hər bir oyun çətin keçir. Buna necə nail olacağımızı zaman göstərəcək. Ancaq mən oyunumuzda razıyam. Normal çıxış edirik. Xal baxımından sonuncuyuq, amma oyun baxımından buna layiq komanda deyilik.
 
- Növbəti mövsümün planlarını qurursunuz?
- Dekabra kimi müqaviləm var. Yəqin ki, işimin başında qalacam. Rəhbərlik yayda nə qərar versə, ona uyğun hərəkət edəcəyik.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti