Şahin Diniyev: "Heç Luis Enrike ilə danışıq aparan yoxdur" MÜSAHİBƏ

13:07 - 11 Aprel 2018

Azərbaycan milli komandasının sabiq baş məşqçisi, son olaraq "Kəpəz"i çalışdıran Şahin Diniyev Sportal.az saytına müsahibə verib.
 
- "Kəpəz"dən ayrıldıqdan sonra təkliflər almısız?
- Mövsüm başa çatır. Yenilik yoxdur. İndi kimə təklif olsun?
 
- Bəzi klublar növbəti mövsümün planlarını cızır. Sizinlə əlaqə saxlayan olmayıb?
- Zavallı Luis Enrike “Barselona”nı çempion etdi, amma indi işsizdir. Heç onunla danışıq aparmırlar. Reklam xətrinə çox şey demək olar. Məsələn, klubun adın çəkməyim, amma deyim ki, təkliflər yağır. Xeyr, belə deyil. Səmimi olmaq lazımdır.
 
- Azərbaycan çempionatını yəqin ki, izləyirsiz. Kənardan necə mənzərəyə şahidlik edirsiz?
- Bütün oyunlara baxa bilmirəm. Amma hər turu izləyirəm. Daha çox Kərimlə Coşqunun oyunlarına baxmağı seçirəm. Kərimlə Coşqunun oyunlarında müsbət və mənfi cəhətlər var. Üzərlərində işləməlidrilər. Çünki potensialları var. Daha da yaxşı oynaya bilərlər. Coşqun bu mövsüm çox oynayıb. Hələ gəncdir. “Qarabağ” kimi komandada 85 faiz oyun keçirmək yaxşı göstəricidir. Məşqçi tərəfdən bütün futbolçulara şans verilir.
 
- “Kəpəz”in qış fasiləsindən sonra çıxışını necə qiymətləndirirsiniz?
- Mənim üçün “Kəpəz” səhifəsi bağlanıb. Nəsə danışmağım düzgün olmaz. Mən orda uzun müddət çalışmışam. “Kəpəz”ə uğurlar arzu edirəm. Çünki Gəncə fanatları buna layiqdir.
 
- Çempionatda 1-ci və 2-ci yer arasında 12 xallıq fərq var. Bu səbəbdən bir çox mütəxəssislər çempionatımızın maraqsız keçdiyini söyləyir...
- Hadisələr o zaman maraqsız olur ki, sonu əvvəlcədən görürsən. Filmlərdə sonluğu bilməyəndə axıra kimi maraqla izləyirsən. Bizim çempionatın maraqsızlığı ondan irəli gəlir ki, artıq mövsümün gedişində “Qarabağ”ın çempion olacağı bəllidir. Autsayderlər də məlumdur. Avrokuboklara vəsiqə uğrunda yer mübarizəsi maraqlı gedir. Məncə, “Qəbələ” də məsələni həll edib. “Sumqayıt”, “Zirə” və “Neftçi” arasında maraqlı yarış gedir. “Neftçi” və “Sumqayıt” kubokda da mübarizə aparır. “Zirə” isə avrokboklara vəsiqə üçün yalnız çempionata gözünü dikib. “Keşlə” isə ümidini kuboka saxlayıb. Bu baxımdan maraqlı mübarizə var.
 
- Çempionatda komandaların sayının artırlması hər zaman müzakirə edilir. Sizcə, Premyer Liqada rəqabəti artırmaq üçün nə etmək lazımdır?
- Bu işin içində olan insan kimi bir söz deyim ki, azarkeşdən tutmuş federasiyaya kimi hamı komandaların sayının çox olmasını istəyir. Ancaq kəmiyyət keyfiyyəti öldürəcək. Tutaq ki, elədik 14 komanda. Ancaq bu 14 klubu təmin edəcək yerli futbolçularımız var? Bu qədər komandanı saxlamaq üçün maliyyə varmı? Bu gün bir çox komandanı AFFA himayə edir. Futbolda iş adamlarının olması yaxşı olardı. Bir zamanlar belə olub. O zaman maraqlı mübarizə də var idi. Amma indi sponsor yoxdur. Federasiyanı da qıamaq olmaz ki, niyə 8 klub yarışır? Bəli, maraqsızdır, çünki bir komanda eyni mövsümdə rəqibiylə 4 dəfə qarşılaşır. Kubok görüşlərini də nəzərə alsaq, bu rəqəm 6 olur. Maliyyənin yaxşı olması klubların sayını artıra bilər. Elə olan halda səviyyəli legionerlər də gətirmək mümkündür. Bunlar böyük məsələlərdir. 100-200 min manatla komanda saxlamazlar. Burada milyonlardan söhbət gedir. Futbolun qalxması şəxslərdən asılıdır. Sponsorlar gəlməlidir. Avtomatik olaraq uşaq futbolu da yüksələcək. I Diviziondan hansı komanda gəlsin? Bir çoxu AFFA-nın klubudur. Digərlərində isə büdcə çox aşağıdır. Nəsə etmək çətindir... Zaman həmişə dəyişir. Bir dönəm gələcək, bunlar da aradan qalxacaq.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti