"Zirə" Topaz Premyer Liqasının 24-cü turunda səfərdə "Keşlə"yə məğlub olub - 1:2.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların yarımmüdafiəçisi Milan Duriç jurnalistlərə müsahibə verib. Seribaylı futbolçu öncə matçla bağlı danışıb:
- Nə deyim? Biz yenə də uduzduq. Danışa bilmirəm…
- 10 oyundur ki, “Zirə” qələbə qazanmır. Nə baş verir?
- İlk hissəni irəlidə tamamladıq. Qələbə qazanan tərəf idik. Məşqçimiz tapşırmışdı ki, rəqib standart vəziyyətlərdə təhlükəli olur. Bunu bilirdik. Fasilədə də bunu bizə xatırlatdılar. Amma ikinci hissədə qolları elə standart vəziyyətlərdən buraxdıq.
- Əvvəl “Zirə” məğlub olsa da, yaxşı oyun sərgiləyirdi. Lakin bu gün bunu da görmədik…
- 10-a yaxın futbolçumuz zədəlidir. Məşqçi də problemlə üzləşir ki, kimi hansı mövqeydə oynatsın. Hər oyuna müxtəlif heyətlə çıxırıq ki, bəzi oyunçular ilk dəfə eyni anda meydanda olurlar. Anlaşmaq məsələsi var.
- “Neftçi” kubokda uzaqlaşıb və gözünü çempionata dikib. Onların nəfəsini hiss edirsiz?
- Artıq xal fərqi birə bərabərdir. Əgər “Qəbələ”ni məğlub etsələr, bizi ötüb keçəcəklər…
- Avrokuboklara getməmək təhlükəsini hiss edirsiz?
- Həqiqətən də vəziyyət mürəkkəbdir. Vüsal İsgəndərli iki ağrıkəsici iynə ilə meydana çıxmışdı. Ehtiyac oyunçularımız əvəzedicilərdən gələn futbolçular idi. Zədəlilərimiz var.
- Dünya futbolunda belə praktika var ki, bu vəziyyət üçün komandada qan dəyişikliyi lazımdır. “Zirə”də baş məşqçi dəyişikliyən ehtiyac var?
- Baş məşqçidən çox məmnunuq. Başqası gəlsə, 1-2 oyun yaxşı çıxış etməsək, futbolçular üçün müəyyən cəzalar tətbiq edəcək. Sizi inandırım ki, indiki vəziyyətdə Joze Mourinyo da gəlsə, bu komandada vəziyyəti düzəldə bilməyəcək.
- Qışda gedənlərin boşluğu dolmadı?
- Bunun aidiyyatı yoxdur. Xatırladım ki, “Neftçi” və “Sumqayıt” kimi yaxşı komandalarla heç-heçə etmişdik. Təəssüflər olsun ki, qələbəmiz yoxdur. Bəlkə qalib gəlsəydik, komanda daha çox oyun udmaq istəyilə davam edəcəkdi. Əfsuslar olsun ki, hələ də qələbəmiz yoxdur.
- İstənilən halda nəticəyə baş məşqçi cavabdehdir. Futbolçular bu vəziyyətdə özlərində günah görür?
- Mən də günahkaram, komanda yoldaşlarım da. 10-11 oyundur ki, qələbə qazanmırıq. Başqa komandaya getsək, bizdən soruşacaqlar ki, nə baş vermişdi ki, 10-11 matçda qələbə qazanmadız?
saytlarin hazirlanmasi