"Qarabağ"la oyunun yeri dəyişdiriləcək? "Qəbələ" qərar verməyib

15:39 - 25 Aprel 2018

Topaz Premyer Liqasında XXVIII turun "Qəbələ" - "Qarabağ" oyununun yerinin dəyişdirilməsi planlaşdırılır. 

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirilib ki, Ağdam klubuna çempionluq kubokunun məhz həmin matçdan sonra təqdim edilməsi nəzərdə tutulur və bu məqsədlə görüşün yeri Bakıya - "atlılar"ın ev oyunlarını keçirdiyi "Azersun Arena"ya dəyişdirilə bilər.

 

Bəs "Qəbələ" ev oyununun səfər qarşılaşmasına çevirilməsinə razıdımı? "FutbolPress" bu sualı əyalət təmsilçisinin baş meneceri Zaur Əzizova ünvanlayıb. Klub rəsmisi yaxın 2-3 gün ərzində qərar veriləcəyini bildirib:

 

"Məsələ ilə bağlı PFL-lə şifahi danışığımız olub. Hələ son qərar verilməyib. Yaxın 2-3 gün ərzində klubda bunu müzakirə edəcəyik. Bundan sonra oyunun yerinin dəyişdirilib-dəyişdirilməyəcəyi dəqiq bilinəcək".

 

Hazırda ikinci pillədə olan "Qəbələ" "gümüş"ə əsas iddiaçıdı. Ancaq ola bilər ki, son tura qədər medal təmin edilməsin. Əzizov qərar verilərkən bunun da nəzərə alınacağını söyləyib:

 

"Dediyim kimi, hələ klub daxilində heç nəyi müzakirə etməmişik. Hər halda qərar verərkən bu da nəzərə alınacaq".

Xəbər xətti