Ürfan Abbasovun 200-cü oyunu

00:13 - 6 Noyabr 2018

Ürfan Abbasov “Qəbələ”də 200-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının 10-cu turunun “Sabah”la matçına təsadüf edib. “Qırmızı-qaralar”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmaya qədər 199 dəfə komandanın formasını geyinən müdafiəçi bu görüşə kapitan sarğısı ilə çıxıb.

 

“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Ürfan 2011/12 mövsümündən bu komandada çıxış edir. Onun debütü 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev matçında gerçəkləşib. Müdafiəçi qarşılaşmanın 66-cı dəqiqəsində oyuna daxil olub və 2:1 hesablı qələbədə iştirak edib.

 

Bu müddətdə 200 dəfə meydana çıxan Ürfan 3 qol vurub, 47 sarı, 2 qırmızı vərəqə alıb. O, 14 dəfə komandanı kapitan sarğısı ilə meydana çıxarıb. Bütün qollarını Premyer Liqada vuran müdafiəçi çempionatda 162, Azərbaycan kubokunda 23, UEFA Avropa Liqasında 15 dəfə şans qazanıb.

 

Xatırladaq ki, “Qəbələ”də ən çox oyun keçirən futbolçuların siyahısında Dodo (161) ikinci, Dmitri Bezotosnı (150) üçüncüdü.

Xəbər xətti