Emin İmaməliyev: "Səfərdə yaxşı oyun göstərməyə çalışacağıq"

20:39 - 7 Noyabr 2018

"Almaniya çempionuna qarşı oynayırdıq. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, hücum futbolu oynayıb, rəqibini meydanın ona aid hissəsində təzyiq altında saxlamağa üstünlük verən komandadır”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar yolunun II mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Herta” matçından (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyev deyib.

 

38 yaşlı çalışdırıcı yetirmələrinin ilk 45 dəqiqədəki oyunundan razı qaldığını və səfərdə də mübarizə aparacaqlarını bildirib: “Qarşılaşmanın ilk yarısında yaxşı oynadıq. Rəqibə heç bir imkan vermədik. Fasilədən sonra öz səhvlərimizdən üç qol buraxdıq. Ümumilikdə komanda əlindən gələni etdi. Cavab matçına daha yaxşı hazırlaşıb, rəqibi yenə analiz edəcəyik. Səfərdə yaxşı oyun nümayiş etdirməyə, yaxşı nəticə qazanmağa çalışacağıq. Bilirik ki, ağır olacaq.  Amma futbolda mümkünsüz heç nə yoxdu".

 

İmaməliyev komandasının penaltidən yararlana bilməməsindən danışıb: "Penaltini kimin vuracağı əvvəldən müəyyənləşdirilir. İstənilən futbolçu, hətta ulduz oyunçular da 11 metrlik cərimə zərbəsini qaçıra bilər. Təbii ki, həmin epizodda qol olsaydı, matçın axarını dəyişə bilərdik. Biz futbolçuya dəstək olmalıyıq ki, növbəti matçlarda özünə daha çox inansın. Bir daha vurğulayım ki, Almaniya çempionuna qarşı oynayırdıq. Onların və bizim mübarizə apardığımız çempionatlar, qarşılaşdığımız rəqiblər arasında fərq var. Buna baxmayaraq, rəqib meydanında ilk oyundakından daha çox mübarizə aparacağıq”.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək.  

Xəbər xətti