Ayxan Abbasov: "Məni "Neftçi"yə düşmən etməyin"

21:40 - 19 Dekabr 2018

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Sumqayıt" evdə "Neftçi"yə 0-1 hesabı ilə uduzub. Ancaq ilk oyunda qalib gələn "gənclik şəhəri" təmsilçisi "Neftçi"ni kubokdan uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında fikirlərini bildirib:

 

- Yarımfinala vəsiqə qazanmaq sevindiricidir. Futbolçularımı təbrik edirəm, bu gün xarakter göstərdilər. Əsas üstünlüyümüz cavab oyununu evdə keçirməyimiz idi. Yarımfinal mərhələsinə vəsiqə qazanmağımız Sumqayıt futbolu üçün təkandır. Qorxurdum ki, futbolçularım fiziki cəhətdən çatdırmayacaqlar. Anacaq bunu bacardılar. Böyük uğur qazanmışıq. Qışdan sonra daha yaxşı oynamağa çalışacağıq.

 

- Yarımfinaldakı rəqibiniz sizə tanış olan “Zirə”dir. Yəqin ki, “Zirə” qış fasiləsində heyətini gücləndirəcək. Bəs, “Sumqayıt” qışda hansı işlər görəcək?

- “Zirə” sonuncu pillədə qərarlaşsa da, potensialları var. Rəqibimiz bütün gücünü kuboka sərf edəcək. “Zirə”ni deyə bilmərəm, ancaq biz güclənəcəyik. Rəhbərlik söz verib. Bacardığımız qədər güclənməyə çalışacağıq.

 

- Atilla Yıldırımla çox uzağa getmək olmaz. Hücumçu axtarışlarınız necə gedir?

- Atilla qol vurmasa da, faydalı iş görür. Bu gün ilk hissədə yaxşı oynamadı. Hücumçudan qol istəyirik, qol vurmadıqca, təzyiq altına düşür. Ən vacib mövqelərdən biri hücum xəttidir. Ancaq işlər davam edir. Alınsa, hər şey yaxşı olacaq.

 

- Bir futbolçunuz qırmızı vərəqə aldı və oyuna 7 dəqiqə artırıldı. Hakim idarəçiliyindən narazı qalmadınız?

- Qırmızı vərəqə epizodu ilə bağlı əvvələ baxmaq lazımdır. Rəqibin futbolçuları düzgün oynamadılar. Məncə, həmin epizodda sarı vərəqə Xəyal Nəcəfova verilmədi idi. Oyun gərgin keçdi. Futbolçulardan danışırıq, ancaq hakimlər barədə söz açmırıq. Hakimlər diqqətli olmalıdırlar. Yəqin ki, Xəyalla Arif Daşdəmirovu səhv saldılar. Ötən oyunumuzu Əliyar Ağayev idarə edirdi, təcrübəli olduğu hiss olundu. Son zamanlar artırılış dəqiqələrin sayı azalıb. Bu qərarı başa düşmək çətindir. Futzal oynamırıq ki?

 

- Avrokuboklara ən qısa yol kubokdan gedir. Kubok, yoxsa ölkə çempionatı?

- “Zirə”ni keçdikdən sonra final gəlir, orda da qələbə qazanmaq lazımdır. Hər iki cəbhədə vuruşmağa çalışacağıq.

 

- Ayxan Abbasovu “Neftçi” üzərində mütəxəssis hesab etmək olar? Çünki “Zirə”də də “Neftçi”nin qəniminə çevrilmişdiniz.

- Yox, bu qədər şişirtməyək. Məni “Neftçi”yə düşmən etməyin (gülür).

Xəbər xətti