“Qəbələ”nin akademiyasında çalışan və əvəzedici komandasının baş məşqçisi olmuş Luis Araqon müsahibə verib.
Sportal.az xəbər verir ki, BƏƏ-nin "Əl-Əyn" klubunun akademiyasında çalışan mütəxəssis Azərbaycandakı fəaliyyətini yada salıb:
"İspan futbolu hər yerdə özünü cəlb edir. Pep Qvardiola ilə "Barselona"da yaxşı təcrübə qazandım. Həm "Barselona"nın, həm də İspaniya millisinin oyunu biz məşqçilər üçün yeni bazarlar açdı. Qvardiolanın futbol fəlsəfəsi hər kəsi heyran edir. Azərbaycanda da yaxşı təcrübə qazandım. "Qəbələ"də 3 il fəaliyyət göstərmişəm. Orada çalışmaq mənə rahat idi. Bütün məşqçi kateqoriyalarını aldıqdan sonra əsas komandanın da baş məşqçisi oldum. "Qəbələ" karyeramın inkişafına səbəb olub".
Xatırladaq ki, vaxtilə “Barselona”nın Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda çalışıb. O, İspaniya və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkilinə də rəhbərlik edib. Onun “Qəbələ”də əsas vəzifəsi Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesini tamamlamaq və əsas komandanı hazır futbolçularla təmin etməkdən ibarət olub. Əcnəbi çalışdırıcı 2012-ci ildə "Qəbələ"yə gəlmişdi. Mütəxəssis 2013-cü ildə “Qəbələ”nin U-19 komandasına ölkə birinciliyinin qızıl, 2014-cü ildə “qırmızı-qaralar”a əvəzedicilərin çempionatında gümüş medalları qazandırıb. Araqon 2015-ci ildə başa çatan müqaviləsini uzatmamışdı.
saytlarin hazirlanmasi