Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında 3-cü sınağına çıxacaq. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Rusiya təmsilçisi “Fakel”lə görüşəcək.
Oyun “Arcadia” meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
1947-ci ildə yaranan Voronej təmsilçisi hazırda Rusiya çempionatının I divizionunda çıxış edir. Ötən mövsüm 20-ci yeri tutan “Fakel” cari çempionatın qış fasiləsinə 14-cü pillədə yollanıb.
Xatırladaq ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
24 yanvar
18:00. “Qəbələ” – “Fakel” (Rusiya)
“Arcadia” meydançaları
saytlarin hazirlanmasi