"Qəbələ"nin sonuncu oyununun vaxtı açıqlandı

17:35 - 25 Yanvar 2019

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışındakı son rəqibi Macarıstanın MTK klubu olacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Budapeşt təmsilçisi ilə görüş “Titanik” otelinin meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.

 

Əsası 1888-ci ildə qoyulan Budapeşt təmsilçisi 131 illik zəngin tarixə malikdir. 23 dəfə Macarıstan çempionu olan MTK 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. 1964-cü ildə isə budapeştlilər UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsüm aşağı liqada çempion olan MTK cari çempionatda yenidən yüksək dəstədə mübarizə aparır. 18 oyunda 27 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.

 

Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.

 

Yoxlama oyunu

26 yanvar

 

19:00. “Qəbələ” – MTK (Macarıstan)

“Titanik” otelinin meydançaları

Xəbər xətti