İki debüt, ardıcıl 5-ci "quru" oyun

14:11 - 4 Fevral 2019

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib. Bununla da “qırmızı-qaralar” ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda rəsmi qarşılaşmalarda 6 matçdır məğlub olmur. Son 5 görüşdə qapısından qol da buraxmayan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. Hər üç qələbə eyni – 1:0 hesabı ilə olub. Bu seriyalardakı görüşlərdən ikisi kubok, digərləri Premyer Liqaya təsadüf edib.

 

Ötən ilin sonunda “Qarabağ”a çempionatdakı 1:3 hesablı məğlubiyyətdən sonra Premyer Liqada “Keşlə” (2:1), “Səbail” (0:0) və “Sabah”la (0:0) görüşən komanda sonuncularla iki kubok qarşılaşmasında (1:0, 1:0) da qüvvəsini sınamışdı.

 

“Qırmızı-qaralar” həm də “Sumqayıt”la görüşlərdəki məhsuldarlıq seriyasını 27-yə çatdırıb. "Qəbələ" bu rəqiblə keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Həmçinin “Gənclik şəhəri” təmsilçisi ilə ev oyunlarındakı məğlubiyyətsizlik 14-ə yüksəlib.

 

“Qəbələ”nin qələbə qoluna imza atan Stiven Monroz komandada 18-ci dəfə fərqlənib. O, bu göstəricidə Aleksey Qay və Kənan Kərimova çatıb. Bu “üçlük” klub tarixinin bombardirləri siyahısında 8-10-cu yerləri bölüşür.

 

Monroz bu qollardan 14-nə Premyer Liqada imza atıb. O, “Qəbələ”nin ölkə çempionatının yüksək liqasındakı bombardirləri siyahısında da 8-10-cu yerlərdə qərarlaşan 3 oyunçudan biridir. Burada onun şərikləri Aleksey Qayla Cavid Hüseynovdur.

 

Yeri gəlmişkən, kapitan “qırmızı-qara” forma ilə 75-ci çempionat matçına çıxıb.

 

Qarşılaşma Davit Volkovinin “Qəbələ”də debüt etməsi ilə də əlamətdar olub. O, klubun tarixinə 234-cü futbolçu kimi düşüb. Belə ki, “Sumqayıt”la görüşədək 233 futbolçu müxtəlif turnirlərdəki rəsmi matçlarda klubun formasını geyinmişdi.

 

Davit “qırmızı-qaralar”ın tarixində 135-ci legionerdir. O, indiyədək “Qəbələ”də çıxış edən 11-ci gürcüstanlı futbolçu olub.

 

Premyer Liqada isə 2 oyunçu debüt edib. İndiyədək yalnız kubok matçlarında şans qazanan Amin Seydiyev də Davit Volkovi kimi ilk dəfə Azərbaycan çempionatında meydana çıxıb. Bu turnirdə “Qəbələ”nin heyətində çıxış edənlərin sayı 216-ya çatıb.

Xəbər xətti