Azərbaycan Premyer Liqasında XVII turun “Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonar təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:
- Uşaqların peşəkarlığı bizi sevindirir. Bu yarışda xarakter göstərmək lazımdı. Futbolçulara bunu aşılamaq istəyirik. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdi. Soyunub-geyinmə otağında futbolçuları təbrik etdik. Qələbəyə bərabər məğlubiyyət oldu. Uduzsaq belə, “Qarabağ” kimi komandaya qaşrı yaxşı çıxış etdik.
- Qələbə və ya 1 xal üçün nə çatışmadı?
- Son nöqtəni qoymaqda çətinlik çəkdik. Futbolçulara zərbə vurmağı tapşırmışdıq, ancaq çalışdılar ki, daha çox ötürmə etsinlər. Qarşıdakı matçlarda daha çox zərbə endirməyə çalışacağıq.
- Asif Məmmədovu meydana gec buraxmadız?
- Belə az əlavə vaxt olacağını gözləmirdik. 7-8 dəqiqə ehtimal edirdik. Davit bir qədər nasaz idi. Asif meydana çıxanda bildik ki, 3 dəqiqə əlavə edilib.
- Kobudluq bir qədər çox idi oyunda...
- Futbol aqressiya oyunudu. Ancaq əlbəttə hər şey qaydalar çərçivəsində olmalıdı. Futbolçu epizoda, rəqibinə yaxın mövqe seçməlidi. Mübarizə varsa, kobudluq da, kartlar da normaldı.