Azərbaycan Premyer Liqasında XVIII turun "Sabah" - "Qarabağ" oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- "Qarabağ"la oyunlar həmişə maraqlı olur. Son illərin çempionu ilə matçlarda futbolçular daha yüksək motivasiyayla hazırlaşır. 10 nəfər qalmağımıza baxmayaraq, futbolçularım xarakter göstərdi. Bir xal, bizim üçün qələbə kimi bir şeydi.
- "Qarabağ"ın sizdən çəkdiyi nədi?
- 12 il "Qarabağ"da oynamışam. Onların adı bizim üçün motivasiyadı. Bizdən çəkdiyi bir şey yoxdu. Sadəcə, bu, futboldu.
- Oyunun sonunda sevinməməyinizin səbəbi nə idi?
- Xarakterlə bağlıdı. "Zirə"ni məğlub etdiyimiz oyunda da sevinməmişdim.
- Məğlubiyyət sindromunun sonu gələ bilərmi?
- Bizim istəyimiz növbəti ilin komandasını qurmaqdır. Bunun üçün çalışırıq. Ola bilsin, hardasa nəyisə düz eləmirik, ancaq çox çalışırıq.
- "Neftçi" və "Qarabağ"la oyunlardan hansında daha çox çətinlik çəkirsiz?
- "Qarabağ"la matçlarda.
- Cavid İmamverdiyevin sonradan meydana daxil olmasına səbəb nə idi?
- İki gün məşqlərdə iştirak etməmişdi. Qripləmişdi. İstirahət verməyi düşündük.
- Hakimliklə bağlı düşüncələriniz nədi?
- İlk dəqiqələrdə gərgin oyun oldu. Sarı vərəqələr çox idi oyunun əvvəlində. Hakimlərin işinə müdaxilə etmək düzgün deyil.