Sənan Qurbanov: "İtirilən xalları kompensasiya etməyə vaxtımız olacaq"

17:37 - 3 Mart 2019

Azərbaycan Premyer Liqasının XIX turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə oyunu şrəh edib:

 

“Çempionatda növbəti oyunumuzu keçirdik. Bundan əvvəl evdə xal itirmişdik. Daha doğrusu qələbə qazanmışdıq, təmiz qolumuz qeydə alınmamışdı. Gənc hakimlərə bir az diqqətli olmağı tövsiyə edirəm. Futbolçuların əziyyətini yerə vurmaq olmaz. Balaca səhv bizi ev oyununda üç xaldan məhrum etdi. Çətin Zirə səfərində qələbə qazanmaq istəyirdik. Futbolçular mübarizə apardılar. Bəzən çox müdafiə olunursan. Rəqib öz oyunu ilə buna məcbur edir. Bu gün də belə görüşlərdən idi. Mübarizəli oyun oldu. Sonda buraxdığımız qol xal itkisi ilə nəticələndi. Gənc futbolçulara həm müdafiə, həm hücumda güvənirik. Müəyyən vaxt keçdikcə onlardan da həmin keyfiyyəti istəyəcəyik".

 

Qurbanov Rauf Əliyevin oynamaması barədə bunları söyləyib:

 

"Rauf Əliyevin meydana çıxmaması taktiki gedişlərlə bağlı idi. Davit Volkovi kiçik zədə səbəbindən iki məşqi buraxdığından əsas heyətdə deyildi. Vojislav Stankoviç iki gün öncə məşqdə xəsarət alıb. O, hələ həkim nəzarətində olmalıdır. “Zirə” yetərincə yaxşı komandadır. Oyun üslublarında da inkişaf görünür. Qarşıda oyunlarımız çoxdur. İtirilən xalları kompensasiya etməyə vaxtımız olacaq”.

Xəbər xətti