“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 20-ci turunda “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
- Oyuna pis başlamadıq. Hücumda problemlərimiz var, qol imkanlarından istifadə edə bilmirik. Qapımız qarşısında isə ilk təhlükə qolla nəticələndi. Fasilədə futbolçuları ruhlandırmağa çalışdıq, ama ikinci hissədə yenə müdafiədə səhvə yol verdik. 2-ci qoldan sonra uşaqlar həvəsdən düşdü.
- Meydanın durumu sizin oyununuza necə təsir etdi?
- Təbii örtüyə öyrəşmişik. Hiss olunurdu ki, uşaqlar əziyyət çəkir. Buna baxmayaraq, daha yaxşı çıxış etmək olardı.
- Sanki futbolçuların fiziki gücü tükənmişdi...
- Deməzdim. Psixoloji düşkünlük görünürdü daha çox.
- Ardıcıl iki matçda böyük hesabla uduzduz. Müdafiəçilərin və qapıçının çıxışı haqda nə düşünürsüz?
- Saşa Stamenkoviçin komandaya çox xeyri olub. Bu gün səhvləri oldu. Belə hadisələr normaldı. O, bizim üçün lazımlıdı. Müdafiədə problemlərimiz var. Bunları araşdırırıq və aradan qaldırmağa çalışırıq.
- Ardıcıl məğlubiyyətlər psixoloji olaraq pis təsir edə bilər. Düşünmürsüz ki, futbolçulara yeni yanaşma lazımdı?
- Lazımdı. Psixoloji durum aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, bunu aradan qaldıraq.
- “Qarabağ”la heç-heçədən sonra arxayınlıq yaranmayıb ki?
- Keçən oyunda ola bilər ki, hiss edilirdi. Ancaq bu gün belə şey yox idi.
- Təmkin Xəlilzadənin start heyətində yer almaması nə ilə bağlı idi?
- 2 gündü məşq edir. Keçən matçda qızdırma ilə oynamışdı. Bu gün də göründü ki, tam gücü yoxdu.
saytlarin hazirlanmasi