Lionel Messi: "Barselona"nı məhkəməyə vermək ağlımdan belə keçmədi" - MÜSAHİBƏ

00:10 - 5 Sentyabr 2020

"Barselona"da qalmağa qərar verən Lionel Messi "Goal" nəşrinə müsahibə verib.

 

Sportal.az 33 yaşlı hücumçunun müsahibəsini təqdim edir:

 

- Niyə bir müddət sakit qaldınız?
- Lissabonda "Bayern"dən aldığımız məğlubiyyətimizdən sonra danışmaq çox çətin oldu. "Bayern"in sərt bir rəqib olduğunu bilirdik, ancaq "Barselona" və klubun imicinə xələl gətirəcək qədər pis bir nəticə gözləmirdik. Çox pis oyun oldu. Nəsə etmək gücüm yox idi. Bir müddət keçməsini, sonra hər şeyə aydınlıq gəlməsini istədim.

 

- Niyə "Barselona"dan getməyə qərar verdiniz?
- Prezident Xosep Mariya Bartomeu da daxil olmaqla getmək istədiyimi kluba dedim. Ayrılıq istəyimi bütün il ərzində söyləmişəm. Kənara çəkilməyin vaxtı gəldi deyə düşündüm. Kluba daha çox gənc oyunçu, yeni simalar lazım idi və "Barselona"dakı vaxtımın bitdiyini düşünürdüm. Özümü çox pis hiss etdim, çünki həmişə karyeramı burada bitirmək istədiyimi söyləyirdim. Çox çətin bir il idi, məşqlərdə, oyunlarda, paltardəyişmə otağında çox əziyyət çəkdim. Hər şey mənim üçün çox çətin oldu və yeni hədəflər axtarmalı olduğumu hiss etdim. "Bayern"ə Çempionlar Liqasındakı məğlubiyyəti səbəbindən qərarımı vermədim, çoxdan bunu düşündüm. Bunu prezidentə söylədim və o, həmişə mənə mövsümün sonunda getmək və ya qalma qərarını verməkdə sərbəst olduğumu söylədi, amma verdiyi vədə əməl etmədi.

 

- Bu müddətdə özünü tənha hiss etmisən?
- Xeyr, hiss etmədim. Mən tək deyildim. Həmişə yanımda olan insanlar var idi. Bu, kifayət idi, mənə güc verirdi. Ancaq insanlardan, jurnalistlərdən, "Barselona" ilə əlaqələrimlə maraqlanan və layiq olmadığım şeyləri söyləyənlərdən eşitdiklərim mənə zərər vurdu. Digər tərəfdən, insanların əsl üzünü görməyimə imkan verdi. Futbol sərt bir dünyadır və çox sayda saxta insan var. Bu şeylər məni belə insanları tanıtdı. Bu kluba olan sevgimi şübhə altına almaq mənə çox təsir etdi. Getsəm də, qalsam da, "Barselona"ya olan sevgim bitməz.

 

- 20 il oynadıqdan sonra sizə "Barselona"da ən pis təsir edən nə oldu?
- Hər şeydən bir az var. Deyilən çox şey mənə zərər vurdu. Bu klubu həmişə hər şeydən üstün tutmuşam. Uzun müddət "Barsa"dan ayrılmaq ehtimalım var idi. Hər il “Barselona”dan ayrılıb başqa komandada daha çox pul qazanmaq fürsətim var idi. Həmişə deyirdim ki, bura mənim evimdir, belə hiss edirəm və hiss edəcəyəm. Buradan daha yaxşı bir yer olduğunu düşünmək asan deyildi. Sadəcə, dəyişikliyə, yeni hədəflərə ehtiyac duyduğumu hiss etdim.

 

Image

 

- Çətin dönəm yaşadın və anlaşılır ki, hələ "Barselona"da qalacaqsan.
- Qərarımı vermək çətin idi. Söhbət yalnız "Bayern"ə uduzduğumuz oyundan getmir. Söhbət çox şeydən getdi. Hər zaman karyeramı burada bitirmək istədiyimi söylədim. Yeni layihə ilə kuboklar qazanmaq və "Barselona" əfsanəsinə bu istiqamətdə kömək etmək istədim. Həqiqət budur ki, bu klubda belə bir layihə barədə uzun müddət danışmaq mümkün deyil. Bir müddətdir yalnız yırtıqlara yamaq vurulub. Daha əvvəl də dediyim kimi, həmişə ailəmin və klubun rifahı barədə düşünmüşəm.

 

- Ailən ayrılıq qərarını necə qarşılamışdı?
- Ayrılmaq istəyimi həyat yoldaşım və övladlarıma çatdırdığım zaman böyük bir dram meydana gəldi. Bütün ailə ağlamağa başladı. Uşaqlarım nə Barselonanı, nə də məktəblərini dəyişdirmək istədi. Ən yüksək səviyyədə yarışmaq, kuboklar qazanmaq və Çempionlar Liqasında uğurlu olmaq istəyirəm. O turnir çətin yarışdı, heç olmasa rəqabət aparmalısan. Roma, Liverpul və Lissabondakı çöküşləri yaşamamalıyam. Bütün bunlar qərarıma təsir etdi. Dediyim kimi sərbəst buraxılacağıma inandım, prezident həmişə mövsümün sonunda gələcəyimə qərar verə biləcəyimi söyləyirdi. İndi deyirlər ki, bunu iyunun 10-dan əvvəl deməmişəm. Biz həmin tarixdə bu dəhşətli epidemiyanın ortasında La Liqanı qazanmağa çalışırdıq. Bu səbəbdən getməyimə mane oldular. Komandada qalacağam, çünki prezident mənə getməyim üçün 700 milyon avroluq təzminatın ödənməli olduğunu söylədi, bu isə mümkün deyil. Bunu həll etməyin bir yolu məhkəməyə müraciət etmək idi, amma "Barselona"nı məhkəməyə verə bilmərə. Həyatımın klubunu sevirəm, gəldiyimdən bəri mənə hər şeyi verən yerdir. "Barsa" mənə hər şeyi verdi, mən də hər şeyi "Barsa"ya verdim. "Barselona"nı məhkəməyə vermək ağlımdan belə keçmədi.

 

- "Barselona" son illər Avropada kubok qazana bilmir. Komandada nə dəyişiklik lazımdır?
-  "Barselona"da davam edəcəyəm. Getmək istəsəm də, meydandakı münasibətim dəyişməyəcək. Bu klub üçün əlimdən gələni edəcəyəm. Mən həmişə qazanmaq istəyən biriyəm. Mən heç nəyi itirməyi sevmirəm. Klub, paltardəyişmə otağı və özüm üçün ən yaxşısını istəyirəm. Çempionlar Liqasını qazanmaq üçün lazımi dəstəyi almadığımızı dedim. Əslində, indi nə olacağını bilmirəm. Yeni məşqçimiz və yeni fikirlərimiz var. Bu, yaxşı bir şeydir, amma komandanın buna necə cavab verəcəyini və bunun bizi ən yüksək səviyyəli futbola harada gətirəcəyini görməliyik. Deyə biləcəyim şey budur ki, komandada qalıram və bu kollektiv üçün əlimdən gələni edəcəyəm.

 

- Ailən bu müddətdə sənə nə deyirdi?
- Bu proses hamı üçün çox çətin idi. Nə istədiyimi dəqiqləşdirdim və istədiklərimi dedim. Həyat yoldaşım ruhundakı ağrı ilə məni dəstəklədi və yoldaşlıq etdi. Mateo hələ çox balacadır və hələ başqa bir yerə yerləşməyin, orada yaşamağın nə demək olduğunu anlamır. Tyaqo ondan daha böyükdür. Televizorda bir şey eşitdikdə gəlib məndən soruşdu. Onun başqa yerdə yaşamaq, yeni bir məktəbdə oxumaq və ya yeni dostlar qazanmaqla məşğul olmasını istəmirdim. Ağladı və "getməyək" dedi. Yenə deyirəm, bunlar çox çətin idi. Bunları anlamaq çətin deyil. Bu mənim başıma gəldi. Belə bir qərar vermək çox çətindir.


- 20 il uzun müddətdir. "Barselona" azarkeşləri komandada qalmağını və liderlik etməyini istəyirlər. Onlara nə mesajın var?
- Həmişəki kimi, bütün hədəflərə çatmaq üçün əlimdən gələni edəcəyəm və özümü çətin anları yaşayan insanlara həsr edəcəm. Bu il pis günlər yaşadım, amma bunu koronavirusu yaşayan, qohumlarını və çox şeyini itirən itirən insanların pis günləri ilə müqayisə etmək ikiüzlülük olardı. Ümid edirəm virus səbəbi ilə çox çətin anları yaşayan insanlara və ailələrinə qələbələrimi hədiyyə edəcəyəm.

 

- Kluba ayrılmaq üçün faks yollamışdın. Buna görə yanlış tövsiyələr aldığın iddia edildi.
- Həmin sənədlər ayrılığı rəsmiləşdirmək üçün idi. Bütün il ərzində prezidentdən getmək istədiyimi və karyeramda yeni hədəflər üçün yola çıxmağın vaxtının gəldiyini söyləmişdim. Mənə "Danışacağıq, amma indi deyil", - deməyə davam etdi və heç bir şey olmadı. Düşündüklərindən mənə heç bir ipucu vermədi. Həmin sənədi göndərərək komandadan ayrılmaq istədiyimi, sərbəst agent olduğumu rəsmən bildirdim. Məqsədim bir qarışıqlıq yaratmaq, klubla üz-üzə gəlmək yox, qərarımı rəsmiləşdirmək idi. Əgər o faksı göndərməsəydim, sanki getmək istəyim yox idi. Klubun iddiası budur ki, iyunun 10-dan öncə bunu onlara deməmişəm və tələbim doğru deyil. Amma təkrar edirəm, bütün turnirlər iyunun 10-da davam edirdi. Ayrılmaq üçün münasib deyildi. Prezidentimiz Bartomeu mənə həmişə "Mövsüm bitsin, qalıb-qalmayacağına qərar verəcəksən", - deyirdi. Heç vaxt tarix limiti təyin etməmişdi. Buna görə də həmin sənədi kluba qarşı müharibə başlatmaq üçün deyil, niyyətimi rəsmiləşdirmək üçün göndərdim.

Xəbər xətti