Bu milli bizim deyil artıq, onu çoxdan əlimizdən alıblar - QEYD

14:06 - 6 Sentyabr 2020

Azərbaycan yığması Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub. 

 

Sportal.az xəbər verir ki, tanınmış idman jurnalisti Anar Xanlarov "Facebook" hesabında millinin məğlubiyyəti barədə fikirlərini bölüşüb:

 

"Canni De Byazi gələn gündən demişəm ki, ondan uğur gözləməyin mənası yoxdur. Söhbət məşqçinin kimliyindən, bacarığından getmir. Söhbət ondan gedir gedir ki, ölkədə normal futbolçu yoxdur. Adam Albaniya millisini AÇ-a çıxarıb. Amma Albaniyada futbolçu var idi axı. Albaniyanın ən aparıcı futbolçusu olmayan Ansi Aqolli bizim ”Qarabağ”ın vacib siması idi. Hələ mən Avropada oynayan albanları demirəm. Bizdə kim var? Kiminlə qazanacaq o nəticəni?

 

Futbolumuzun başında duranlar futbolumuzu elə zəlil günə qoyub ki, Kloppla Qvardiolanı eyni vaxtda baş məşqçi qoysan da xeyri yoxdur. Bir dəfə də demişəm, bu milli bizim deyil artıq, onu çoxdan bizim əlimizdən alıblar. Bu komanda bəzi dəllaların qazanc yeridir. Rövnəq Abdullayevi oyunqabağı məşqə elə-belə gətirməmişdilər. Onu ora “kaşelok” kimi gətirmişdilər ki, futbolçuların gözünə pul görünsün və çıxıb bunun naminə udsunlar.

 

Amma vəziyyət o qədər acınacaqlıdır ki, bunun belə təsiri yoxdur. Oyunu, hansısa əvəzləməni təhlil etməyə lüzum görmürəm. 90 dəqiqə bir künc zərbəsi belə, vura bilməyən komandanın nəyini təhlil edəsən? Siyahıya baxan kimi görünür ki, burada hansı barmaqlar var. Hamı deyir ki, Arazı nəyə buraxdı, Renatı niyə buraxdı. Ay qardaş, özbaşınadır buraxmasın? Bu futbolçular hazırkı formaları ilə, ümumiyyətlə, milliyə çağırılmamalı idi. Amma çağırılıblar və oynamaq şansı da qazanırlar. Bilirsiniz niyə? Çünki hər ikisinin meneceri Riad Rəfiyevdi.

 

Rəsmən “Sumqayıt”ın prezidenti olsa da qeyri-rəsmi formada millinin futbolçularına menecerlik edən adam. Milli dünən qələbə və ya xal qazansaydı futbolçulara mükafat veriləcəkdi. Həmin futbolçular oynamalı idi ki, hansısa mükafat olsa ordan menecer də payını götürsün. Klubsuz, formada olmayan futbolçunun oynadılmasında başqa səbəb görmürəm. Bütün bu uğursuzluqların tək səbəbkarı AFFA rəhbərliyidir. Hansı ki köklü şəkildə istefaya getməlidir.

 

1990-cı illərdə, 2000-ci illərdə Lüksemburq Avropada qapazaltı idi. “Cırtdan” deyib əzirdilər. Amma baxın, indi hansı səviyyəyə gəliblər. Heyətinin yarısı Avropanın “top” çempionatlarında oynayır. Oynadıqlaı oyunu da hamı gördü. Qırmızı vərəqə olmasa belə, yenə bizi udacaqdılar. Halbuki Lüksemburq millisinin SOCAR kimi sponsor yoxdur. Amma idarəçilik bacarığı olan rəhbərliyi var. AFFA illərdi gic-gic layihələrə milyonlar xərcləyir. Top çiləmə festival, Berlin məktəbi, limit oyunu, MY məktəbi, Müşahidə Şurası oyunu, klublara federasiya hesabına əcnəbi koordinatorların təyinatı və s. Hanı nəticəsi?

 

10 il bundan qabaq Elxan Məmmədovun layihəsi olan “Sumqayıt” yaradıldı. Guya milliyə futbolçu yetişdirəcəkdi. 10 il keçib, kim yetişib? Dünən Lüksemburqa qarşı oynayan heyətdə neçə “Sumqayıt”lı var idi? Futbolun ac vaxtı Sumqayıtdan nə qədər futbolçu çıxırdı. Nazim Süleymanovu, Arif Əsədovu qoyuram qırağa. Mehman Yunusov, Aqil Məmmədov, Kamal Quliyev, Samir Abasov, Vüqar Nadirov, Mahir Şükürov, Fərhad Vəliyev və s. İndi niyə çıxmır?

 

Axı indi şərait daha yaxşıdır. Çünki idarəçilik yoxdu. Futbolun başında naşılar durub. Onları futbol, milli, ölkə, bayraq yox, pul düşündürür. Futbolçular da onlara baxıb eyni münasibəti ortaya qoyur. Mahir eyni hərəkəti “Qarabağ”da edə bilərdi? Edə bilməzdi. Amma millidə edir. Çünki görür ki, anarxiyadı. Maksim görür ki, millinin biabırçılığı Rövnəqin, Elxanın vecinə deyil, o da gülür. Almaniya çempionatında oynayan lüksemburqlu milliyə gəlir, amma Nazarov yox.

 

Düz də edir. Niyə gəlməlidi axı, Azərbaycan onun nəyidir? Yenə deyiəm, bütün biabırçılıqların tək günahkarı AFFA rəhbərliyidir. Üzr istəyirəm ifadəmə görə, eşşəyi qoyub, palanı döymək lazım deyil. Dadaş Dadaşlinki Elxan Məmmədova yaxşı sual vermişdi ki, bir federasiya rəhbərliyinin istefaya getməsi üçün daha nə baş verməlidir? Sən evdə Lüksemburqa da uduzursansa demək ölkə futbolunu 90-cı illərdəkindən də pis günə salmısan. İstefa üçün daha nə olmalıdır?"

 

Xəbər xətti