Tahir Gözəl: "Molde"nin ədalətsizliyi bizi məyus edir"

17:17 - 9 Sentyabr 2020

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Bakıda  Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da, qarşı tərəf COVID-19 pandemiyasını bəhanə gətirərək, Azərbaycana gəlməkdən boyun qaçırır.

 

"Molde"nin ölkəyə qayıtdığı zaman dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumunu əsas gətirərək ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl baş verən hadisəni klubun saytına dəyərləndirib:

 

"Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da, UEFA  Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlmişdi.  Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir.

 

Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə, razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".

Xəbər xətti