"Skaut qrupumuz Azərbaycanı da izləyir" - Fatih Terim

18:33 - 16 Sentyabr 2020

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunundan öncə İstanbul klubunun baş məşqçisi Fatih Terimin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Qarşıda Super Liqada “Başakşəhər” və “Fənərbağça”ya qaşrı oyunlar var. Heyətdə rotasiyalar gözlənilirmi?
- Əvvəla, uzun illər sonra Bakıda olduğum üçün çox çoşbəxtəm. “Qalatasaray” avrokuboklarda təcrübəli komandadı. Püşk bizi yad olmayan yerə göndərdiyi üçün çox xoşbəxt oldum. Azərbaycan hər zaman savgisində şübhə etmədiyimiz, sevdiyimiz və yaxşı qarşılandığımız ölkədi. Rotasiyalara gəlincə, ən vacib matç önümüzdəki oyundu. “Neftçi”yə qarşı görüş əhəmiyyətlidi. Tamamilə bu oyuna yönəlmişik. Heyətlə bağlı qərarı sabah verəcəyik. Bəzi oyunçularımızın durumu hələ bəlli deyil. Qrafikimiz sıxdı. Qayıtdıqdan sonra da məşq etmək üçün vaxtımız az olacaq. Ağır qrafikə öyrəşməliyik. Rotasiya yox, amma mümkün olarsa, bütün oyunçularımızın yüksək səviyyədə oynamasını istəyirəm.

 

- Türk dünyasının daha bir təmsilçisi “Qarabağ” bu gün “Molde” ilə qarşılaşacaq. Oyunu izləyəcəksizmi və fikirləriniz necədi?
- “Qarabağ”ın oyununu izləyəcəm. Komandaya uğurlar arzulayıram. “Qarabağ”la “Neftçi”nin yaxşı yola getmədiyini də bilirəm.

 

- Super Liqa matçında 3 oyunçunu eyni vaxtla əvəzləməyiniz “Neftçi” ilə görüşə hesablanmış addım idi?
- Belə bir düşüncəm yox idi. 3:1-lik nəticəni aldıqdan sonra fiziki vəziyyətlərini nəzərə alıb, bəzi oyunçularımızı riskə atmamaq istədik. Digər tərəfdən, yeni digər oyunçulara daha çox vaxt vermək istəyirdim.

 

- Qardaşlıq, dostluq amma meydanda vəziyyət fərqli olur. Sabahkı oyunda hansı nəticəni gözləyirsiz?
- Azərbaycan millisi ilə oyunlardan bildiyim qədər də çox burda bizə qarşı böyük sevgi var. Öz evimizdəki kimiyik. Amma meydanda hamı qələbə qazanmaq istəyir. Qarşımızdakı rəqib də güclüdü. Diqqətli olmalıyıq. Meydan ayrıdı, meydandan kənar ayrı.

 

- “Neftçi”nin hansı oyunlarını izləmisiz və rəqibiniz haqda nə düşünürsüz?
- “Neftçi”nin iki oyununu izləmişəm. “Sumqayıt” və “Şkupi” ilə görüşlərə baxmışam. “Neftçi” “Qarabağ”la birgə Azərbaycanın ən vacib komandalarından biridi. Son 3 mövsümdü bu səviyyələrdə çıxış edir. Maraqlıdı, bu mövsüm səfərdə oyun keçirməyiblər. Emin Mahmudov, Yusuf Laval, Stiven Monroz, Talisson Dias kimi keyfiyyətli oyunçuları var. Xeyirlisi nədisə, o olsun.

 

- “Qalatasaray” Türkiyədən sonra ən çox sevildiyi ölkədədi. Ancaq azarkeşlərlə görüşmək mümkün olmayacaq. Pandemiyadan sonra bir yoldaşlıq görüşü söz verə bilərsizmi?
- “Qalatasaray”ın burda xüsusi sevildiyini bilirəm. Özümlə bağlı da anormal bir maraq görürəm. Azərbaycanda oynamaq sözü verə bilərəm. Təki pandemiya bitsin. Klubumuzla danışıb bəlkə də bir neçə matç, yaxud kamp üçün gələ bilərik. Fatih Terim söz verirsə edir. İnşallah bunu da edər, burda gözəl bir neçə gün keçirərik. İnşallah, sosial məsafəni yaxın məsafəyə çevirərik.

 

- “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov iddialı şəkildə bildirib ki, “Qalatasaray”ı keçmək şansımız 100 faizdi...
- İddialı insanları sevirəm. Bizim keçəcəyimizi deməyəcəklər ki? Belə şeylərdən xoşum gəlir. Görəcəyik sözlə, əməl üst-üstə düşəcəkmi. Belə iddia xoşuma gəldi. Afərin ona! Bravo!

 

- Bir azərbaycanlı futbolçunun “Qalatasaray”ın heyətində oynaması üçün nə lazımdı?
- “Qalatasaray”da oynamaq istəyi, belə bir seçimi olmalıdı. Biz tək seçim olmağı istəyirik. Digər tərəfdən, “Qalatasaray”ın da bəyəndiyi futbolçu olmalıdı. Təki elə bir şey olsun və başqa yerlərə baxmayaq. Skaut qrupumuz Azərbaycanı da izləyir.

 

- Musleranın zədəsi sizi qayğılandırırmı?
- Onun ayağının qırılması ilə bizim də qırıldığımız görünür. O mövzuya çox qayıtmaq istəmirəm. Necə olduğu məlumdu. O, bizim üçün qapıçıdan daha artıqdı, çox vacibdi, qapıda olması bizə inam verir. Allah betərindən saxlasın. Tezliklə geri qayıtması üçün həm özü, həm həkimlərimiz çalışır. Olmasını istəyirik, ancaq digər qapıçılarımıza da inanırıq. İnşallah, yoxluğunu hiss etdirməyəcəklər. Musleranın karyerasını “Qalatasaray”da başa vuracağını düşünürəm.

 

- Bu stadionda Türkiyə millisi Avropa çempionatında iki oyun keçirəcək...
- Ümid edirəm ki, azarkeşli olar və daha böyük təsiri olar. Mən Bakıda iki oyun görmüşəm, 40-50 min azarkeş olub. Türkiyə millisinin öz ölkəsi saydığı Azərbaycanda oynaması böyük üstünlükdü. Azarkeş olmasa belə, psixoloji olaraq vacibdi. Yeni stadiondu, çox da yaxşıdı. İnşallah, burda komandamız yaxşı nəticələr göstərər.

 

- Oyunun azarkeşsiz olması hansı komanda üçün üstünlükdü?
- Bizə üstünlük qazandırmadığı dəqiqdi. Dünyanın hər yerində azarkeşimiz var. Belə futbolun marağı da yoxdu. Ötən mövsüm də gördük ki, meydanda hamının səsinin eşidildiyi, heç kimin qorxusunun, hakimin belə dünyanın ən rahat insanı kimi hiss etdiyi bir vəziyyət yaranıb. Böyük komandaların ən böyük üstünlüyü azarkeşidi. Azarkeşsiz bütün komandalar bərabər olur və onları ayıran xüsusiyyət ortadan çıxır. Bu, bizim üçün hər yerdə problemdi.

Xəbər xətti