Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunundan öncə keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...
- Kimə qarşı oynayacağımızı bilirik. Rəqibin səviyyəsi bəllidi və bu haqda çox danışmağa ehtiyac yoxdu. “Qalatasaray”ı lazımı qədər analiz edib, futbolçulara fikirlərimizi çatdırmışıq. Oyunu gözləyirik. Meydana çıxıb qələbə üçün əlimizdən gələni etməyə çalışırıq. 1 faiz də şansımız varsa, ondan maksimum istifadə etməliyik.
- “Qalatasaray”ın ən güclü tərəfi yarımmüdafiənin irəli hissəsi və hücum xəttidi. Bunu qarşılayacaq tərəf dayaq yarımmüdafiənizdi. Sizdə isə belə futbolçu yalnız bir nəfərdi...
- Rəqibin güclü, zəif tərflərini bilirik. Son oyuna görə belə düşünürsüzsə, haqlısız. Ancaq sabah fərqli oyun olacaq. Rəqibi analiz etdiyimizi deyiriksə, deməli, buna qarşı da planlarımız var.
- “Sumqayıt”la matçdan sonra bildirmişdiz ki, bəzi oyunçuların çıxışından narazısız. Həmin oyunla müqayisədə heyətdə dəyişikliklər gözlənilir?
- Bir qədər sonra son məşqimiz olacaq. Qərarı ondan sonra verəcəyik. Futbolçuların son durumuna baxacağıq.
- Komandanı psixoloji olaraq bu “yama”dan çıxarmaq çətin deyil ki?
- Düşünmürəm ki, komanda “yama”dadı. Sadəcə, son oyunu məğlub olmuşuq. Bu haqda çox danımaq istəmirəm. Psixoloji durum çox önəmlidi. Komandanı maksimum dərəcədə hazırlamağa çalışırıq. Keyfiyyətli futbolularımız var və oyunun mahiyyətini dərk edirlər. Belə komandalara qarşı həm milli səviyyəsində, həm klubda daha əvvəl də oynayıblar.
- Fatih Terim iki görüşünüzü izlədiyinizi bildirdi. Siz rəqibin son oyununa baxmısız?
- Bəli. İzləmişik.
- Bu oyunun həm sizin, həm də komandanız üçün şans olduğunu düşünürsüzmü?
- Əlbəttə, belə komandalara qarşı uğur qazanmaq tarixdi. Hər bir futbolçu da qələbə qazanmaq istəyir.
- Son oyunda göründü ki, Mamadu Mbodjla aranızda problem var. Anton Krivotsyuk qırmızı vərəqə aldı və psixoloji durumunda problemlər görünür. Belə müdafiə xəttindən nə gözləyirsiz?
- Yaxşı oyun gözləyirəm. Mbodjla aramızda heç bir problem yoxdu. Futbolda belə məqamlar yaşanır. Bunu öz aramızda danıçmışıq. Onun səhvlərini göstərdikdən sonra tam razılaşdı. Bütün futbolçularımdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm.
- Oyuna az qalmış stadionun dəyişdirilməsi planlarınıza necə təsir etdi?
- Elə də çox təsiri olmadı. Millidə olan futbolçularımız burda oynamışdı. İstənilən halda, doğma şəhərimizdəyik. Düşünmürəm ki, bizə problem yaradacaq. Sadəcə, meydana çıxıb oynamaq lazımdı.
- Emin Mahmudovun oyunu alınanda komanda da yaxşı çıxış edir. Bu oyunla bağlı onunla xüsus söhbətiniz olubmu?
- Hər bir futbolçu komandamız üçün önəmlidi, hamısı mənə dəyərlidi. Bütün futbolçularla həm individual, həm kollektiv şəkildə danışmışıq. Peşəkar futbolçulardı və hər şeyi anlayırlar. Bu məqamları çox şişirtməyə ehtiyac yoxdu. Hamı sabahkı oyuna hazırdı.
- Prins İbaranın durumu necədi? İlk dəqiqələrdən meydanda olması gözlənilir?
- Tam qərarı son məşqdən sonra verəcəyik. Onun durumu ürəyimcədi.