Tahir Gözəl: "Qarabağ"a olan inamım dəyişməyib" - MÜSAHİBƏ

12:00 - 19 Sentyabr 2020

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu oyunla (əsas və əlavə vaxt-0:0, penaltilər seriyası - 5:6) bağlı klubun saytına təəssüratlarını paylaşıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Oyun başlamamış uzun müddət bu "oyun" haqda söz-söhbətlər gündəmdə oldu. Bu hadisələr komanda təsir etdimi?

- Matç ətrafında baş verən xoş olmayan hadisələrdən hər birimizin xəbəri var. Püşkatma nəticəsində qarşılaşma Bakıda keçirilməli olsa "masaətrafı" oyunlar səbəbindən heç də xoş olmayan psixoloji hava formalaşdı. Kiprdə oynamağı UEFA tərəfindən məcburi seçim kimi qəbul etməli olduq. Norveç tərəfi Azərbaycana Avropa ölkəsi olmadığına görə gəlməkdən imtina etdi. Cənubi Kipr də Avropa Birliyinin bir üzvüdü. Əslində, biz dırnaq arasında ev sahibi olsaq da formal olaraq Avropada səfər oyununa çıxdıq. Bütün bu "oyunlara" baxmayaraq komandam baş verən hadisələr zaman öz əsalətini, nəcibliyini qorudu.

 

- Meydançada olan 120 dəqiqəlik mübarizədən razı qaldınızmı?

- Meydanda yaxşı tərəf biz idik. 120 dəqiqə ərzində futbolçularımız əzmkarcasına mübarizə apardı. Bütün oyunboyu rəqibi müdafiəyə çəkilməyə məcbur etdik. Qol vurmaq üçün 1-2 dəfə yarımçıq cəhdləri vardı, əvəzində, bizim 5-6 real qol imkanımız oldu. Ucaboy müdafiəçilərdən ibarət "Molde" komandası ancaq müdafiə olunurdu. Təbii ki, rəqib meydanın özünə aid hissəsindən çıxmırsa dünyanın ən böyük klubları belə çətinlik çəkirlər. Ümumən, yaxşı oynadıq, həmin gün şans da bizim yanımızda deyildi.

 

- Qol epizodlarının boşa getməsi bəxtin komandanın yanında olmaması idi?

- Əla imkanlarımız olsa da, bir qədər şansın da yardımıyla bu oyunda qələbə qazana bilərdik. O epizodlardan biri qol olsaydı indi başqa şeylərdən danışmalı olardıq. Oyunun şərhçisinin də vurğuladığı kimi Kiprdə o istidə mübarizə aparmaq heç də asan deyildi. Amma komandamız mübarizcəsinə bu cəhətdən rəqibinə məğlub olmadı. "Qarabağ" Avropada tanınan, öz sözünü deyən komandadı. Nəzərə almaq lazımdı ki, qarşımızdakı Norveçin çempionu idi. Və bu ölkə Avropada heç də zəiflərdən sayılmır. "Qarabağ" qarşılaşmada rəqibinə qol imkanı vermədi. Hiss olunurdu ki, norveçlilərin tək hədəfləri oyunu mümkün qədər penaltilərə daşımaqdı.

 

- Şahruddin qapıda penalti qaytarmaqla yanaşı özü də qol vurdu. Qapıçını oyunun qəhrəmanı saymaq olarmı?

- Hər hansısa futbolçumuzu xüsusi olaraq qabartmaq istəmirəm amma həqiqətən də Şahruddinə günün adamı demək olar. Penalti qaytardı, özü də cəsarətlə 11 metrlik zərbəni dəqiq yerinə yetirdi. Qapıçımızın meydanda davranışı , özünə güvəni, əzmkarlığı ən xoş sözlərə layiqdi. 5-ci penaltini vurmaq cəsarətidə nə qədər böyük xarakterinin olmasının göstəricisidi. Qapıçımızın meydanda hər uğurlu hərəkəti daha çox hörməti haqq etdirdi. Eyni zamanda digər futbolçularımızın da hər birinə mübarizəsinə görə ayrıca təşəkkür edirəm.

 

- Adətən milli komandaya çox futbolçu verən klublar fasilə sonrası adaptasiya problemi yaşayır. Bu qarşılaşmada hiss olundumu?

- Milli komandaya yetərincə çox futbolçu veririk. Milli aradan sonra komandamızın yığışıb 120 dəqiqə mübarizə aparmasını alqışlamaq lazımdı. "Qarabağ"ın, Azərbaycanın adına yaraşan şəkildə mübarizə apardılar. Futbol belə bir şeydir. 2 tərəfdən biri qalib olur. Hər nə qədər "masaarxası oyun"larla psixoloji gərginlik yaratmaq istəsələr də oyunda bizə qarşı üstünlük qura bilmədilər. Amma təəssüf ki, bir tərəf qazanmalı idi, bu da Norveç təmsilçisi oldu.

 

- Komandanın baş məşqçisi Qurban Qurbanovun bu psixoloji durumundan çıxaracağınıza inanırsızmı?

- Qurban müəllim artıq 12 ildi bu komandanın baş məşqçisidi. Qurban hoca “Qarabağ”ın bir parçasıdı, “Qarabağ” onunla davam edəcək. O, məşqçiliyi ilə yanaşı əxlaqı və ədaləti ilə hər zaman örnək olub. “Qarabağ”sız Qurban, Qurbansız “Qarabağ” olmaz. Qurban hoca əsl azərbaycanlı kimi “Qarabağ”a xidmət etmək örnəyidir. Onunla fəxr edirik. Baş məşqçimizə hər zaman inanır və arxasındayıq.

 

- Komandanın Çempionlar Liqası macərası bitdi. İndi qarşıda Avropa Liqası gözləyir. Komandadan nə gözləyirsiz?

- Artıq, bu qarşılaşmanı unudub önümüzə baxmalıyıq. Bu həssas dönəmdə Azərbaycanın Qarabağ bölgəsini təmsil edən komanda onsuz da 30 ildir səfərdə oynamağa məcburdu, bu dəfə də isitisna olmadı. Mənim "Qarabağ"a olan inamım dəyişməyib, yenə də komandamın yanındayam, inanıram. Avropa Liqasında potensial rəqibimiz bəlli oldu. Hər ikisi yaxşı komandadı. Xüsusilə, Polşa klubunu vurğulamaq lazımdı. Bu klublarla oynamaq elə də asan deyil. Amma biz "Qarabağ"a güvənirik.

 

- Ardıcıl 6 il qrup mərhələsinə düşən "Qarabağ" 7-ci dəfə bu uğuru təkrarlaya bilərmi?

- Mən bunu hər zaman demişəm. "Qarabağ" Futbol Klubunun hədəfi təmsil etdiyi bölgənin, işğal olunmuş eyniadlı ərazini dünya miqyasında layiqincə təmsil etmək deməkdi. Bugün dünyanın 4 yanında "Qarabağ"ı tanıyırlar. Bu komandanın davamlı, stabil uğurlarının nəticəsidir. Daha 1 qrup mərhələsi niyə də olmasın? Hər nə qədər rəqibimiz çətin olsa da "Qarabağ" meydana qələbə üçün çıxacaq. Əminik ki, "Qarabağ" əlindən gələnin ən yaxşısını edəcək. İnşallah, komandamız bu mərhələdən müvəffəqiyyətlə ayrılacaq.

Xəbər xətti