“Kəpəz” elitanı tərk etdikdən sonra ardıcıl 3-cü mövsüm I Divizionda mübarizə aparacaq. Qarşıdakı çempionatda komandadan uğurlu çıxış, bunun da nəticəsi olaraq medalçılar arasında yer almaq gözlənilir.
Sportal.az xəbər verir ki, mətbuat xidmətinə açıqlamasında icraçı direktor İlqar Nadiri belə deyib: “Biz inanırıq ki, komanda bu mövsüm mükafata layiq yerlərdən birini tutacaq. Bunun üçün klub rəhbərliyi, məşqçilər bütün addımları atır, müvafiq işlər görür. Çempionatda uğurlu çıxışa köklənmişik”.
“Kəpəz”in bir hədəfi çempionatı yuxarı pillələrdə başa vurmaqdırsa, digər məqsədi Gəncədən kənarda çıxış edən futbolçuları doğma klubuna qaytarmaqdır:
“Baş məşqçinin də istəyi ilə başqa klublarda oynayan Gəncə futbol məktəbinin yetirmələrini komandaya qaytarmağa başlamışıq. Seçimdə əsasən gənc futbolçulara üstünlük veririk. Axtarışlarımız davam edir. Seleksiya işləri aparılır, kollektivə yeni oyunçular cəlb olunur və məşqlərdə sınanır. Gələcək üçün perspektivli uşaqlar komandaya çox lazımdı. Bu futbolçular komandamız elitaya vəsiqə qazanana kimi püxtələşə və növbəti mövsümlərdə “Kəpəz”ə daha çox kömək edə bilərlər”.
Klub rəhbərliyi çempionatda ümidləri doğrultması üçün komandaya uyğun şəraitin yaradıldığını da bildirib: “Əlimizdə olan bütün imkanlardan istifadə edirik ki, uzun fasilədən sonra komanda tam gücü ilə çempionata hazırlaşa bilsin. Bunun üçün də uyğun şərait lazımdır. Təlim-məşq toplanışı dövründə futbolçular qidalanma ilə təmin edilib, müəyyən tibbi qayğılarla əhatə olunub”.
Komandalar bu ayın əvvəlində təlim-məşq toplanışına başlasa da, çempionatın startı ilə bağlı dəqiq informasiya yox idi. Aşağı dəstədə mübarizənin gələn ay başlayacağı güman olunurdu ki, son nəticədə belə də olub. Peşəkar Futbol Liqasının açıqladığı məlumatda çempionatın start tarixi oktyabrın 1-i göstərilib:
“Bildiyiniz kimi, məlum pandemiya ilə bağlı çempionatın startı gecikdi. Bununla belə çox şükür ki, bu ayın ilk günlərindən məşqlərin başlamasına icazə verildi. “Kəpəz”in üzvləri sentyabrın əvvəlində lazımı tibbi prosedurlardan keçib məşqlərə çıxdılar. Qalırdı çempionatın startını gözləmək. Dəqiq tarix də artıq müəyyənləşib. Bu, hamı üçün sevindirici oldu”.
saytlarin hazirlanmasi