"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"nı 3:0 hesabı ilə məğlub edərək qrupa vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Bu qələbədən sonra dərindən "ah" çəkib son vaxtlar üstünüzdə olan yükü, psixoloji gərginliyi ata bildinizmi?
- Həqiqətən çox vacib qələbə oldu. Dəfələrlə qeyd etmişəm, bəzən fikirlər olur ki, ardıcıl 3-4 il uğur qazandıqdan sonra 1 il uğur əldə etməsək də, bizi bağışlayarlar. Amma biz elə komandayıq ki, elə şəraitdə oyunlarımız olur ki, belə fikrə düşə bilmərik. Bu gün yükü üstümüzdən ata bildikmi? Əlbəttə, xeyr. Çünki bu, daim bizimlədir. Bəlkə də kənardan baxanda yük kimi görünür. Lakin inanın ki, biz sevə-sevə bu işi görmək, uğur qazanmaq istəyirdik. Qarabağ adının məsuliyyətini, üzərimizə düşən vəzifəni yaxşı bilirik. Komandanı hər oyuna düzgün hazırlamağa çalışırıq. Bu mövsüm avrokuboklarda 4 oyunumuz - 3-ü Çempionlar Liqasında, 1-i Avropa liqasında - oldu. Penaltilər seriyasını nəzərə almasaq, məğlubiyyətimiz olmadı. 4 oyunda cəmi 1 qol buraxdıq. Düşünürəm ki, bu, heç də pis nəticə deyil. Allah nəsib etdi ki, yenidən qrupa düşdük. Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularıma təşəkkürümü bildirdim. Onların üzərində həddindən artıq çox yük var idi. Bu oyunun məsuliyyətini hiss edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən getməyəcək. "Qarabağ"da bu, ikiqat artıq olur. Azarkeşlərimiz daim bizdən qələbə gözləyir. Biz də öz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq. Son günlərdə əsgərlərimizin fədakarlığını düşünsək, əslində bizim etdiyimiz çox cüzi bir şeydir. Neçə-neçə analar övladsız, övladlar valideynsiz qalıb. Nə qədər desək ki, özümüzü tam olaraq oyuna kökləmişdik, fikrimiz burada idi, cəbhədən xəbərləri izləyirdik. Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə edə bildik. Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Bildirdik ki, hamı meydanda layiqli oyun göstərməli, bütün bacarığını ortaya qoymalıdır. Şükürlər olsun ki, sonda qələbə bizim oldu.
- İlk hissədə "Qarabağ"ın kifayət qədər qol imkanları olsa da, futbolçular yararlana bilmədilər. Sizdə elə bir hiss yarandımı ki, "Molde" ilə matçdakı hadisələr təkrarlana bilər?
- Məndə həyəcan oyundan əvvəl daha çox olur. Bunu futbolçulara bildirməməli, daha soyuqqanlı olmalıyam. Belə anlarda futbolçuları başa düşür, hansı hissləri keçirdiklərini bilirəm. Fasilədə iradlarım varsa, bildirirəm. Amma futbolçuların yanında olmağa çalışıram ki, özlərini daha da inamlı, qol epizodlarında soyuqqanlı hiss etsinlər. Amma hər dəfə qol epizodu boşa veriləndə həyəcan olurdu. Bəzən oyunlar olur ki, qol vəziyyəti yaratmırsan, amma qalib gəlirsən. Elə də olur ki, çoxlu sayda qol epizoduna girirsən, amma istifadə edə bilmirsən. Bu, bizim başımıza çox gəlib. Hər iki hissədə fərqlənmək üçün çoxlu qol imkanımız oldu. Amma bu, basketbol deyil. Futbol buna görə sevilir ki, həyəcan hətta turnirin sonunadək davam edir. Bu, futbolun sevilən parçasıdır.
- Dünən legionerlər əzmkarlığına görə yerli futbolçulardan heç də geri qalmırdılar. Maraqlıdır, qarşılaşmadan əvvəl onlara nə demişdiniz?
- Çox danışıqlar olur. Amma ən az işimiz oyun günü oldu. Bunadək nə lazımdırsa, etdik, fikirlərimizi onlara çatdırdıq. Oyun günü isə tapşırıqlarımızı, danışıqlarımızı xeyli sayda azaltdıq ki, meydana daha rahat çıxsınlar. Onsuz da hamısı tam hazır idi. Həqiqətən özlərini bir azərbaycanlı kimi göstərdilər. Ölkəyə, komandaya olan sevgilərini meydanda nümayiş etdirdilər. Göründü ki, məlumatları düzgün qəbul ediblər.
- "Qarabağ" ardıcıl 7-ci dəfə qrup mərhələsinə vəsiqə qazandı. Sizcə, bu uğurun xüsusi yeri varmı?
- Açığı, var. Bu, oyundan əvvəl də hiss olunurdu. Ajiotaj böyük idi. Hamı komandadan yaxşı nəticə gözləyirdi. Əlbəttə, daim ehtiyatlanırdıq. Məni narahat edən o idi ki, futbolçular "yanmasınlar". Bəzən həddindən artıq istək olanda oyun göstərə bilmirlər. Yenə onlara "afərin" deyirəm. Hesabın 3:0 olmasına baxmayaraq, son dəqiqəyədək maksimum istək, konsentrasiya ilə oynadılar. Meydanda heç bir mübarizədə rəqibə uduzmamağa çalışırdılar. Bu da bizim Ordumuzun döyüşlərdəki qələbələri ilə bağlı idi. Ona görə də bu qələbənin xüsusi yeri var.
- Komandanızın üzərində təzyiq var idi. Amma "Qarabağ" adətən belə vəziyyətlərdən üzüağ çıxır. Bunun üçün fərqli metodunuz varmı?
- Neçə il bundan əvvəl demişəm ki, ildən-ilə təcrübəmiz artır və həlledici məqamlarda daha düzgün qərar verə bilirik. Dünən də buna şahidlik etdik.
- "Sumqayıt"la matçdan sonra komandanızın yaxşı formada olmadığını demişdiniz. Dünənki görüşü dönüş nöqtəsi kimi dəyərləndirmək olar?
- Komandanın yaxşı formada olması üçün bütün oyunçularının durumu yaxşı olmalıdır. Bir sıra aparıcı futbolçumuzun zədəli olması təbii ki, komandaya təsir edir. Həmçinin futbolçu mövsümboyu eyni formada ola bilməz.
- Bu gün qrup mərhələsinin püşkatması olacaq görürük. “Qarabağ” da ikinci səbətdə yer alıb...
- İndidən yükləyirsiniz (gülür)? Bir qədər maraqlandım. Amma üçüncü səbətdəki komandaların əksəriyyəti 2-cidəkilərdən güclüdür. Bu da Avropa Liqasının spesifikasından irəli gəlir.
- Qısa zaman kəsiyində yeni transfer gözlənilirmi?
- Ola bilər, amma ehtimal çox azdır. Əksər ölkələrdə çempionatlar başlayıb.
- Bu heyətlə qrupda mübarizə aparmaq çətin olmayacaq?
- Bəli, çətin olacaq. Çünki həm millinin oyunları var, həm çempionatda oynayacağıq, həm də Avropa Liqasında. Sıx təqvimdə oynasaq da, əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışacağıq.(Report)