UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində 2020-ci il oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyununun neytral meydanda keçirilməsi ilə bağlı AFFA ilə UEFA arasında danışıqlar davam edir.
AFFA-dan UEFA-ya ünvanlanmış məktubda, dəfələrlə telefon danışıqlarında bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumları oyunun Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirilməsinə hazırdı. Lakin o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son 48 saat ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur və AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir.
AFFA tərəfindən təqdim olunmuş məlumatları nəzərə alaraq, UEFA oktyabrın 6-da Azərbaycan – Kipr oyununun keçiriləcəyi məkanla bağlı yekun qərarını açıqlayacaq. (AFFA)