Kipr millisinin baş məşqçisi: “Azərbaycanla oyunda bəzi səhvlər etdik”

22:03 - 6 Oktyabr 2020

“Bir neçə günə 3 oyun keçirəcəyik. Bu görüşlər bizim üçün daha çətin olacaq. Qarşılaşmalarda maksimum nəticə qazanmağa çalışacağıq”. 


Sportal.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem Çexiya ilə yoldaşlıq oyunu, Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə keçiriləcək matçlar barədə danışarkən deyib.  


48 yaşlı mütəxəssis komandaya 8 yeni futbolçu dəvət edildiyini və bunun müsbət hal olduğunu bildirib: “Növbəti dəfə daha çox yeni oyunçu görmək istəyirəm. Yığmaya gəldiyim ilk gündən 30 futbolçudan ibarət kollektivə sahib olmaq istədiyimi deyirəm”. 


Belçikalı çalışdırıcı sabah Çexiya kimi güclü komandaya qarşı oynayacaqlarını söyləyib. Baş məşqçi Millətlər Liqasının ilk iki turunda Monteneqroya 0:2, Azərbaycana isə 0:1 hesabı ilə uduzduqları görüşlər barədə də danışıb: “Geridə qalan oyunları təhlil etmişəm. Bəzi səhvlər, həm mənfi, həm də müsbət məqamları gördük. Nəzərə almalıyıq ki, komandada dəyişikliklər etmişik. Futbolçular, texniki heyət, oyun üslubu və düşüncə tərzi dəyişilib. Bütün bunlar rol oynayır. Hər şeydən əvvəl komandanın inkişaf etdiyini görmək istəyirəm”.


Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər xətti