Ramil Şeydayev: “Müharibə futbola da təsir edir”

10:45 - 7 Oktyabr 2020

 “Bakını təmsil edən “Sabah” klubunda forma geyinirəm və yeni komandamda hər şey qaydasındadır”. 


Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibəsində deyib. 


Hücumçu bildirib ki, yeni klubuna uyğunlaşmasında heç bir problem olmayıb: “Bilirsiniz ki, çempionat yeni başlayıb. “Sabah”a uyğunlaşmaq üçün zamana ehtiyac olmadı. Çünki heyətdəki futbolçuları yaxından tanıyıram, bəziləri ilə milli komanda toplanışlarında iştirak etmişik. Heç bir problem yoxdur”. 


Onun sözlərinə görə, son vaxtlar cəbhə xəttində baş verənlər futbola da təsirsiz ötüşməyib: “Əlbəttə, müharibə bütün sahələrə təsir edir. Hamı narahat olur və bu barədə düşünür”. 


24 yaşlı futbolçu bildirib ki, çoxları onun Azərbaycan millisində çıxış etmək qərarının əleyhinə olub. Lakin o, heç vaxt bundan təəssüflənmədiyini vurğulayıb: “Ola bilsin ki, hansısa kluba keçidim düzgün olmayıb. Amma bu, milli komandaya heç cür şamil edilə bilməz. Azərbaycan millisini seçdiyim üçün həqiqətən də xoşbəxtəm”.

 

2016-cı ilin yayında "Zenit"dən ayrıldıqdan sonra Avropada oynamaq arzusuna çatdığını deyən hücumçu Türkiyə "Trabzonspor"unda qiymətsiz təcrübə topladığını söyləyib: "Türkiyə və onun çempionatı xoşuma gəlirdi. Hər şey: oyunlar, azarkeşlər, meydanlar ən yüksək səviyyədə idi. Özümü yaxşı hiss edirdim, amma uyğunlaşma bir ayadək çəkdi". 

 

Şeydayev sonradan çıxış etdiyi Slovakiya və Azərbaycan çempionatları barədə də danışıb: "İcarə əsasında çıxış etdiyim "Jilina"da hər şey yaxşı gedirdi. Deyə bilmərəm ki, bu, həyatımın ən yaxşı dövrü idi, amma pis formada deyildim, qollar vururdum. Amma Slovakiyada məişət şəraitinə uyğunlaşmaq çox çətin idi. Azərbaycanda isə mənə daha rahatdır". 

Xəbər xətti