Əli Qurbani: “İran millisində oynamaq imkanım olmadığı üçün Azərbaycandan gələn təklifi müsbət qarşılayaraq qəbul etdim”

11:06 - 8 Oktyabr 2020

“Baş məşqçi bütün oyunlarımı izlədikdən sonra klubun meneceri ilə danışdı və məni yığmaya dəvət etdi. İran millisində oynamaq imkanım olmadığı üçün bu təklifi müsbət qarşılayaraq qəbul etdim”. 


Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın futbolçusu Əli Qurbanı İran mətbuatına müsahibəsində Azərbaycan millisinə çağırılması barədə danışarkən deyib. 


Cənubi azərbaycanlı futbolçu milli komandada oynamaq üçün bütün sənədlərinin hazır olduğunu bildirib: “Mənə Azərbaycan pasportu veriblər. Hazırda ikili vətəndaşlığım var və bu yığmada oynaya bilərəm. Bu, mənim İranı tərk etməyim demək deyil. Ora mənim ilk və son evimdir”. 


Azərbaycan Premyer Liqasını İran çempionatı ilə müqayisə edən 30 yaşlı forvard buradakı klubların yaxşı infrastruktura sahib olduğunu söyləyib: "Liqanın səviyyəsi yaxşıdır. Klublarda hər cür şərait var. İdman obyektləri, oyun və məşq meydanları, paltardəyişmə otaqları yaxşı vəziyyətdədir. Hansısa klubda çatışmazlıq olsa, onu oyuna buraxmırlar. Burada keyfiyyətli oyunçular çıxış edir. Komandalar taktiki cəhətdən yaxşı oyun göstərirlər. İranda isə şərtlər fərqlidir. Çempionatda daha çox komanda iştirak edir. Azərbaycan futbolundakı şərait oradakından yaxşıdır. Bu isə yarışın keyfiyyətinə təsir edir. Texnika və istedad baxımından iranlı futbolçular öndədirlər. Bu mənada, iranlı oyunçu istənilən liqada çıxış edə bilər".


"Sumqayıt"a keçidi barədə də danışan Premyer Liqanın bombardiri "Sepahan"dan ayrıldıqdan sonra ölkə xaricindən xeyli təklif aldığını vurğulayıb: "Vəziyyət elə gətirdi ki, qısa zamanda növbəti komandamı seçməli oldum. Hər şey çox ani baş verdi. Anlaşdıq və mən "Sumqayıt"a qoşuldum. Hətta mövsümün ortasında Yunanıstandan təklif almışdım. Amma həmin vaxt komandanı tərk edə bilmədim".


Qeyd edək ki, Əli Qurbani 5 turdan sonra 5 qolla Azərbaycan çempionatının ən sərrast futbolçusudur.

Xəbər xətti