Veteranlar AFFA-dan narazıdı - prezidentə şikayət edilə bilər

20:10 - 6 Dekabr 2020

Futbol veteranları AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovun fəaliyyətindən narazıdılar. Onlar futbolumuzun vəziyyətindən ciddi narahatdılar.

Mütəxəssislər hesab edirlər ki, milli komanda Millətlər Liqasında, U-21 yığması Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edib. Onların fikrincə, 8 komandadan ibarət premyer liqanın da səviyyəsi çox aşağıdır. Veteranlar milli çempionatın iştirakçılarının, həmçinin elitada region təmsilçilərinin az olmasından narazı olduqlarını bildiriblər.

AFFA-nın baş katibi Elxan Məmmədovun fəaliyyətindən şikayətçi olan bəzi mütəxəssislər qurumda futbol adamlarının kənarda qaldığını düşünürlər.

Veteranlar problemlərin həll olunması tələbiylə E.Məmmədova müraciət edəcəklər. Onlar tədbir görülməcəyi halda, ölkə prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimova AFFA-dan şikayət ünvanlayacaqlar.

“Qurban Qurbanov milli komandanın baş məşqçisi olanda yığmamız Millətlər Liqasında daha çox – 9 xal qazanmışdı. Lakin onunla yollar ayrıldı. Canni De Byazinin rəhbərliyində isə millimiz 6 xal toplaya bildi. Bununla belə italiyalı məşqçi vəzifəsində saxlamaq istəyirlər. U-21 seçməmiz serb çalışdırıcı Milan Obradoviçin başçılığıyla 6 xalla 6 komanda sırasında 5-ci oldu. Yığmalarımızın çıxışı bərbaddır. Hesab edirik ki, seçmə komandalarımızı yerli məşqçilər çalışdırmalıdır, əcnəbilər yox. Uzun illərdir xarici çalışdırıcılara milyonlar xərclənib, pullar havaya sovrulub” – deyə, bəzi veteranlar Sportal.az-a bildiriblər.

Veteranlar əcnəbi məşqçilərə sərf olunan vəsaitin uşaq futboluna, region təmsilçilərinə ayrılmasının vacibliyini qeyd ediblər:

“Premyer Liqanın səviyyəsi çox aşağıdır. 8 komandayla çempionat olar? Əksər klublarımız qitə turnirlərində uğursuzluğa düçar oldu. Biabırçılıqdır, birinci divizionda uğur qazanan klublar premyer liqaya buraxılmır. Dünyada heç bir ölkədə belə rüsvayçılıq yoxdur. Bundan başqa, elitada iştirakçıların sayı artırılmır. Əcnəbi məşqçilərə boşuna pul xərcləməkdənsə, region komandalarına vəsait ayrılmalı, birinci divizionda yüksək nəticə göstərən kollektivlərin premyer liqada iştirakı təmin olunmalıdır. Uşaq futbolu da xüsusi diqqətdə olmalıdır. Bölgələrdə komandalar var ki, top, forma tapmır. Lənkəran, Şəmkir, Yevlax, İmişli, Mingəçevir, Salyan və başqa stadionlar boş qalıb. Futbolumuz bataqlığa düşüb. AFFA hara baxır?!”

Vətən müharibəsində döyüşən əsgərlərimiz prezident İlham Əliyevə müraciət ünvanlayaraq, Mingəçevir, Tovuz və başqa bölgələrdə futbola dəstək verilməsini xahiş ediblər.

Xəbər xətti