Virus klubları çətinə salıb - qış hazırlığı necə olacaq?

13:45 - 15 Dekabr 2020

Azərbaycanda futbol ilinin yekunlaşmasına çox qalmayıb. Bu həftə sonu fasilə başa çatacaq və klublar XII tur oyunlarını keçirəcəklər. Dekabrın 24-də XIII tur matçları baş tutacaq, I dövrənin yekunlaşması isə yeni ilə - 21 yanvara qalacaq.

 

“Dünyanın düz vaxtı” bu rəfələrdə artıq klubların qış planları bəlli olurdu – harda neçə günlük hazırlıq keçəcəkləri, hətta hansı otellərdə qalacaqlarına qədər. Və son dəqiqləşmələr aparılırdı ki, hansı rəqiblə yoxlama oyunu ayın neçəsində baş tutsun. Bu dəfə məlum vəziyyət heç çempionatın axarında keçməsinə imkan vermir.

Bəs klublar heç olmasa ilkin planlaşdırmanı aparıblarmı? Qış hazırlığı necə olacaq: ölkə daxilində, ya xaricə üz tutmaqla?

Premyer Liqa iştirakçılarından maraqlandıq. Məlum oldu ki, elita təmsilçiləri böyük bir naməlumluğun cəngində və “heç bilmirik sabah başımıza nə gələcək” “mood”undadılar.

Lider “Qarabağ”da bir o bilinir ki, planlarda dəyişiklik olmasa, komanda dekabrın 25-də istirahətə buraxılacaq və yanvarın 7-də bir araya gələcək. Hazırlığın harda, necə təşkil olunacağı dəqiqləşməyib.

“Zirə”də də dəqiqləşən yeganə məqam komandanın yanvarın əvvəli bir araya gələcəyidi. Sonrası naməlumdu.

“Neftçi” həm ölkə daxilində, həm də xaricdə toplanış keçmək üçün hazır olmağa çalışır. İmkan olsa, Türkiyəyə yollanacaqlar, olmasa komanda ölkə daxilində hazırlıqla kifayətlənəcək.

“Sabah”da hələ tam bəlli olmasa da, vaxt azılığı səbəbindən komanda böyük ehtimalla Bakıda – öz bazasında hazırlaşacaq. “Futuristlər” burda yoxlama oyunları keçirməyə çalışacaq.

“Sumqayıt”, “Keşlə”, “Qəbələ” və “Səbail”də isə ümumiyyətlə heç nə məlum deyil.

Klublar bəzi məsələlərin dəqiqləşəcəyi tarix kimi bu həftənin sonunu nişan verirlər. Güman ki, XII və XIII tur matçlarından sonra hər şey bəlli olacaq.

Bu anda klublara hazırlıqla bağlı problem yaradan əsas məqam dövrənin son turunun və Kubokun 1/8 final matçlarının yanvara salınmasıdı. Daha əvvəl elita təmsilçilərinin 1 fevrala qədər vaxtı olacaqdısa, indi bu, 10 gün azalıb. 21 yanvarda XIV tur matçları, 3 gün sonra kubok oyunları keçirilməlidi. Vaxt məhdudiyyəti hazırlığın planlaşdırılmasında klubları çıxılmaz vəziyyətə salıb. Digər tərəfdən, ölkə xaricinə yollanmaqla bağlı mövcud çətinliklər davam edir, koronavirusa yoluxma sayında azalma müşahidə olunsa da, səngiməyib, yarımçıq heyətlə xaricə yollanmaq isə əhəmiyyətsiz hesab olunur.

Keçən yay da klublar mövsümə hazırlıq üçün çətinliklə üzləşmişdilər. Uzun müddət futbola icazə verilməmişdi və sonda komandalar Qəbələdə toplaşmaqla müəyyən qədər problemi yoluna qoya bilmişdilər. Qış vaxtı isə Qəbələ kimi alternativ də yoxdu. Belə görünür ki, Türkiyəyə yollanmaq mümkün olmasa, hərə öz bazasında həmişəki məşq meydanında hazırlaşmalı olacaq. Yoxlama oyunları kimi isə Premyer Liqanın 1-2 “tur”unu təkrarlayacaqlar (Futbolpress.az).

 

Xəbər xətti