Bu təyinatın, daha doğrusu, “davam” qərarının Azərbaycan futboluna heç bir faydası olmayacaq. Yenə böyük pullar havaya sovrulacaq, faydasını bacarıqsız əcnəbi və əcnəbi sevdalıları görəcək.
“Futbolinfo”nun ayyarım öncə yazdığı xəbəri dünən AFFA rəsmləri təsdiqləyib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Firuz Abdulla U-21 millimizin baş məşqçisi Milan Obradoviçin daha bir il postunda qalacağını bildirib.
AFFA rəsmisi serb mütəxəssislə müqavilənin avmotik olaraq yeniləndiyini “Sportinfo”ya deyib: “Orada belə bir bənd var ki, 2 illik müddət bitəndən sonra tərəflərdən biri onun uzadılmasına etiraz etmirsə, müqavilə daha 1 il yenilənəcək. İndiki halda AFFA Milan Obradoviçin fəaliyyətini davam etdirməsinə razıdır. Baş məşqçinin özü də bunda maraqlıdır. Serbiyalının qarşısına qoyulan yeni hədəflər və maliyyə şərtləri barədə isə hələ heç nə deyə bilmərəm”.
Milanın müqavilənin yenilənməsinə həvəs göstərməsi anlaşılandı. Ötən müddətdə yarım milyon qazanıb və bu pulu ona Azərbaycandan başqa heç yerdə verməzlər. Nəticə(sizli)yə görə hesabat sorulmayan bir ölkədə istirahət edərək qazandığı yüzminlərdən niyə imtina etsin ki? Bəs, AFFA nədən razıdı? Və ya necə razı ola bilər? Obradoviç bizimkilərin ondan razı qalması üçün nə edib ki?
U-21 millimiz AVRO-2021-in seçmə mərhələsində 10 oyuna cəmi 6 xal qazandı. Eyni zamanda Avropanın ən zəiflərindən olan Lixtenşteynə tarixinin ilk qələbəsini məhz Obradoviç hədiyyə etdi. “Cırtdanlar”ın qalan matçların hamısında uduzduğunu, digər 9 görüşdə 35 top buraxdığını xatırladaq. Təsəvvür edin, hansı səviyyəli yığmaya qol vurmadan uduzmuşuq?
Həm də bu tsikldə mübarizə aparan futbolçular son 10 ilin ən yaxşı, ən istedadlı heyəti idi. Oyunçuların mütləq əksəriyyəti klublarında daim əsas heyətdə çıxış edir, çoxunun beynəlxalq oyun təcrübəsi kifayət qədərdi. Yaxşı məşqçinin rəhbərliyi altında bu komanda evdə 10-12 xal toplamalı, səfərdə ən azı Lixtenşteyni udmalıydı. Amma…
Sırf nəticəyə əsaslansaq, Obradoviç hətta müqaviləsi bitmədən qovulmalıydı – bu, öz yerində. Amma bir də U-21-in əsas milliyə futbolçu yetişdirməsi barədə nağıllar var.
Əvvəla, U-21-də milliyə futbolçu yetişdirmirlər, oyunçular klublarda hazırlanır, insaf naminə onlarda bu iş pis görülməyib. Xüsusilə son seçmə mərhələdə oynayanlar istedadlı nəslin nümayəndələri idi. Və bu oyunçular U-21-də əsas yığma üçün yonulmalı, onlara milli fərqi aşılanmalıydı. Həm də təkcə sözlə yox, işlə.
İkincisi, U-21 o zaman milliyə xeyirli ola bilər ki, onun oyun modelini tətbiq etsin, futbolçular buna görə hazırlansın. Amma bizim əsas milli ilə U-21 tam fərqli oyun fəlsəfələrinin əsiridi. Obradoviçlə Canni de Byazi arasında hansısa koordinasiyalı işdən danışa bilmərik, oyun stilləri isə tam fərqlidi. Biri qorxaq futbol, digəri guya cəsarətli oyun təbliğ edir.
Ümumiyyətlə, dünyanın normal futbol ölkələrində milli komandalar üçün vahid oyun modeli seçilir, ən aşağı yaş qrupundan əsas milliyə kimi hamı eyni məqsəd üçün çalışır. Bizim millilərdə isə hər məşqçinin öz seçimi var. Yalnız Qurban Qurbanovun vaxtında sistemli işin qurulmasına cəhd edildi, onu isə AFFA məmurları bir il başa çatmamış tar-mar etdi. Və indi xaos, özfəaliyyət dərnəyləri izləyirik.
Növbəti illərdə U-21-də çıxış edəcək nəsil daha hazırlıqsızdı. Ən yaxşılarla fiasko yaşayan Obradoviçdən nicat gözləyənlərin ağlına şübhə etməliyik. Serb sadəcə, yüksək məvacib alacaq, ölkə futbolu adına heç bir iş görə bilməyəcək. Beləcə daha bir il itiriləcək. Yaşayıb görərik…
Futbolinfo.az
saytlarin hazirlanmasi