Ölkəmizin tanınmış veteran futbolçusu, hal-hazırda “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olan Mahmud Qurbanov “Futbol+” qəzetinə açıqlama verib. Adı U-21 millimizin baş məşqçisi potsuna namizədlər arasında hallanan Mahmud bəy məsələ ilə bağlı bunları deyib:
"Neçə illərdi yığmaya ancaq əcnəbi mütəxəssislər rəhbərlik edir. Nə qədər əcnəbilərə güvənmək, onlara şans vermək olar? Mən Mahmud Qurbanov da işləmək, özümü təsdiq etmək istəyirəm. Bunun üçün savadım da var, təcrübəm də. Futbolçu kimi ölkə futbolunun tarixində qoyduğum izi məşqçi kimi də təkrarlamaq istəyirəm.
Bunu narazılıq, giley-güzar kimi qəbul etməyin. Buna haqqım çatır. Məşqçi kimi nəyə qadir olduğumu göstərmək istəyirəm. Əcnəbinin rəhbərliyi altında görün neçə tsikl boşa verilib, ancaq yenə onlara etibar edirlər. Özümüzkü isə bir dəfə uğursuzluğa düçar olan kimi postundan uzaqlaşdırırlar. Azərbaycan futbolunu qaldıran, yeni səviyyəyə yüksəldən məhz azərbaycanlı məşqçi olacaq".
saytlarin hazirlanmasi