De Byazi AFFA-ya nə vəd verib?

14:08 - 18 Dekabr 2020

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda yer alıb.

 

5 komandalı qrupa düşən yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla görüşəcək.

 

Püşk atılandan sonra müxtəlif proqnozlar eşitməkdəyik. Əksər ekspertlərə görə, seçməmiz bu tsikldə qrup sonuncusu olacaq.

 

Bəs Canni de Byazi AFFA-ya nə söz verib? UEFA Millətlər Liqasında qarşısına qoyulan hədəfə çatmayan baş məşqçi bu dəfə nəyə ümid edir?

 

Bilirik ki, bununla bağlı sual hamını məşğul və narahat edir. Redaksiyamız AFFA rəhbərliyinə yaxın mənbələr vasitəsilə bəzi son bilgilər əldə eləyib.

 

Məlumata görə, italyan çalışdırıcı federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla püşk ətrafında müzakirələr aparıb. De Byazi bildirib ki, Millətlər Liqası ona futbolçuları tanımaq və «onurğa sütunu»nu formalaşdırmaq mənasında faydalı oldu və artıq komanda haqda bəlli bir fikri formalaşıb.

 

64 yaşlı mütəxəssis mövcud heyəti bir qədər də gücləndirmək şərtilə dünya çempionatının seçmə mərhələsində nisbətən yaxşı sayıla biləcək nəticə əldə etməyin mümkünlüyü üzərində dayanıb.

 

O, Rusiya ilə Türkiyədə doğulan, bu ölkələrin klubların formasını geyinən Azərbaycan kökənli oyunçuların milliyə çağırmağın əleyhinə olmadığını vurğulamaqla yanaşı, mükafat fondunun bir qədər də artırılmasını istəyib.

 

Ən əsası, apenninli çalışdırıcı iddia edib ki, millimiz A qrupunda 3-cü yeri tuta bilər. Vəd verib ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırılarsa, hətta ikinciliyə «əlcək atmaq» olar.

 

De Byazi birinci pilləni Portuqaliyanın tutacağına əmindir. Baş məşqçi Serbiyanın ikinci sırada qərarlaşacağını proqnozlaşdırır.

 

Millimiz indiyədək bu komandalardan üçü ilə görüşüb. Yalnız İrlandiya ilə qarşılaşmayan komandamız qarşıdakı rəqiblərlə 14 dəfə üz-üzə gəlib.

 

İlk tanışlığımız Gimaraeşda Portuqaliya ilə olub. 7 cavabsız qolla başlayan tanışlıq 1 heç-heçə və 5 məğlubiyyətlə nəticələnib. Vurduğumuz 1 qola Portuqaliya 18 topla cavab verib.

 

Əvvəl Yuqoslaviya, sonradan Serbiya və Monteneqro adlanan rəqiblə öncə də görüşmüşük. Amma Serbiya ilə yalnız 3 dəfə üz-üzə gələn yığmamız həmişə uduzub və 2 dəfə darmadağın olub.

 

Lüksemburq üzərində yeganə qələbəsi yoldaşlıq matçına təsadüf edib. Rəsmi xarakterli turnirlərdəki 4 oyunda isə 3 heç-heçə və 1 məğlubiyyət yaşayıb.

 

Ümumilikdə, rəqiblərlə 14 matçda 1 qələbə, 4 heç-heçəsi olan yığma 9 dəfə uduzub. 7 qol vuran futbolçularımız bu komandalardan 33 top buraxıb (sportinfo.az).

 

Xəbər xətti