Qurban Qurbanov: "Çempionatın səviyyəsindən razı deyiləm"

21:53 - 4 Aprel 2021

"Çox gərgin oyun oldu. Vacib xal qazandıq. Uzun fasilədən sonra optimal formada olmaq çətindir. Futbolçular minimum bir xala layiq idilər".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXI turunda "Keşlə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

 

49 yaşlı mütəxəssis rəqibə uğurlar arzulaylb: "Maksim Medvedev dünən özünü yaxşı hiss etmədi. Komandadan kənarlaşdı. Şübhələndik ki, koronavirusa yoluxa bilər. Amma hər şey qaydasındadır".

 

Baş məşqçi Mahir Emrelinin durumu haqqında bunları söyləyib: "Təkcə Mahir yox, Qara Qarayev də zədəlidir. İstədiyim dəyişiklikləri edə bilmədim. Biz məşqçilər daha çox düşünüb, yeni elementlər axtarmalıyıq. Belə rəqibə qarşı oynamaq asan deyildi. Çox aqressiv oynayırdılar.

 

Futbolçuların yerdə yatması tempi aşağı salırdı. Belə olanda müdafiəçi özünü rahat hiss edir. Mahir Emrelinin olmaması təsir etdi. Hücumu gücləndirmək istəyirdim, amma oyunçu yox idi. Ovusu Kvabena bu gün az iş görmədi.

 

Qol imkanlardan yararlana bilmədik. Hər bir halda problemlər var. Əlimizdəki gənclərin ustalıqlarını daha da yaxşılaşdırmalıyıq".

 

Qurbanovun sözlərinə görə, məğlubiyyət hər komandanın motivasiyasını korlayır: "Son dəqiqələrdə vurulan qol oyunçulara inam verir. Qarşıda oyunlar var. Bütün matçlarda diqqətli olmalıyıq. Bəzən məğlubiyyət komandaların xeyrinə olur. Qarşıdakı turlarda turnir cədvəlində yerlər dəyişilə bilər".

 

Mütəxəssis deyib ki, çempionatın səviyyəsi "Neftçi" və "Qarabağ"ın bu günkü oyunları ilə qalxmayacaq: "Çempionatın səviyyəsi ilə razı deyiləm. Mən istəyirəm, futbolçular daha yaxşı çıxış etsin. Çempionatın səviyyəsi hər il qalxmalıdır. İnanıram ki, qarşıdakı illərdə bunu görəcəyik.

 

Şükür edək ki, 8 komanda var. Bundan az olmasın. Komanda sayı artsa yaxşı olar. Heç kim üçün xoş deyil ki, eyni komanda ilə 4 dəfə oynasın. Belə çox oynamaq komandaları bir-birindən küsdürür"

 

Baş məşqçi hakimlər haqqında bunları deyib: “Onları qınamaq istəmirəm. Bəzi epizodlar var idi. Baş hakimə yox, köməkçiyə yaxınlaşıb iradımı bildirdim. Elə hallar var ki, nəticəyə təsir edir. Rəvan Həmzəzadə oyunun tempini aşağı salmır. Belə hallar olacaq. Bəlkə özü də həzz alır ki, oyun dayanmasın. Son vaxtlar hakimlərimizdə inkişaf görürəm. Onlara uğurlar arzulayıram. Epizoda görə ona hirslənə bilərəm. Amma oyundan sonra münasibətim tamam fərqli ola bilər”.

Xəbər xətti