U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç açıqlama verərək, “Turan Tovuz”un futbolçusu Elçin Qasımovla yaranan problemi dilə gətirmişdi.
Serbiyalı mütəxəssisin iddiasına görə, yarımmüdafiəçi zədəli olduğunu bildirərək yığmanın düşərgəsini tərk etsə də, bir müddət sonra klubun heyətində yoldaşlıq görüşündə iştirak edib.
Məsələyə görə narahat olduğunu vurğulayan Obradoviç problemin yaşanmasına səbəb kimi “Turan Tovuz”un futbolçuya təzyiq göstərmək ehtimalının olduğunu qeyd etmişdi.
Məsələni aydınlaşdırmaq üçün Tovuz təmsilçisinin baş məşqçisi İlham Yadullayevlə əlaqə saxladıq. 45 yaşlı mütəxəssis hadisədən xəbərdar olduğunu, problemin futbolçudan qaynaqlandığını söylədi:
“Elçinlə bu haqda danışmışam. Hadisə martın 24-də yaşanıb. Anası əməliyyat olunmalıymış. Elçinin atası ölkə xaricindədi. O da evin tək uşağı olduğuna görə anasını həmin ərəfədə yalqız buraxmaq istəməyib. Buna görə də Milan Obradoviçdən icazə istəyib.
Bundan sonra futbolçu baş məşqçiyə bildirib ki, ayağında zədəsi var. Yığmanın həkimi də bunu təsdiq edib. Elə bu səbəbdən də millinin düşərgəsini tərk edərək rayona qayıdıb. Həmin vaxt bizim məşqlərdə iştirak etməyib. U-17 yığması ilə yoxlama görüşündən öncə yanımıza gələrək məşqə qatılmaq istədiyini dedi.
Zədəsinin dərəcəsini bilmək üçün oynamaq fikrini söylədi, biz də buna qarşı çıxmadıq. Burda birbaşa günah Elçinin özündədi. Çünki bizə deməyib ki, millinin düşərgəsini zədə səbəbindən tərk edib. Ən azı bunu bildirməliydi. “Turan Tovuz” futbolçuya heç vaxt millinin düşərgəsini tərk etməsi üçün təzyiq etməyib.
Oyunçularımızın yığmalara dəvət alması bizim üçün fəxrdi. Heç vaxt buna etiraz etmək niyyətimiz olmayıb. Yenə deyirəm, burda səhv birbaşa Elçindədi. Özü ilə danışıb, səhvini demişəm. O qədər də vacib oyun deyil ki, biz buna görə futbolçuya təzyiq göstərək. Vacib qarşılaşma olsa belə, bunu etmərik.
Düzünü deyim ki, hadisədən iki gün öncə xəbərim olub. Mənə dedilər ki, Elçin millinin düşərgəsini zədəyə görə tərk edib. Bu səbəbdən də Milan Obradoviç narahatdı. Yəni U-17 ilə yoldaşlıq oyununda hadisədən xəbərim olmayıb. Olsaydı, belə şeyin yaşanmasına razılıq verməzdim.
Klub rəhbərliyi ilə bu məsələ barədə danışmışıq. Futbolçunun cəzalanıb-cəzalanmayacağı ilə bağlı qərar veriləcək. Elçin uşaqlıq edib, belə davranıb. Hər halda, yekun qərarı rəhbərlik verəcək”.
Elçin Qasımov da etdiyi hərəkətdən peşmandı. O, həm klubundan, həm də millinin baş məşqçisi Obradoviçdən üzr istədi:
“Martın 24-də anam əməliyyat olunacaqdı. Mən də baş məşqçidən buna görə icazə aldım. Atam Rusiyadadı. Evin tək oğluyam. İstəmədim valideynim belə vəziyyətdə tək qalsın. Həmin ərəfədə zədəm də var idi. Məşqlərdə ağrı hiss edirdim. Baş məşqçiyə bunu söylədim. Yığmanın həkimi də buna görə mənə dərman verdi.
Tovuza qayıdandan sonra ağrı hiss etmədim. Klubumun məşqlərində iştirak etmirdim. 3 gün sonra stadiona getdim. Özüm baş məşqçimizə oynamaq istədiyimi dedim. Çünki ayağımda ağrı yox idi. Bilmək istəyirdim ki, oyun zamanı zədəm özünü biruzə verəcək, ya yox?
Qarşılaşmanın sonlarında hiss etdim ki, ağrı var. Məsələnin böyüməsinin səbəbkarı mənəm. Çünki Tovuzda heç kimə demədim ki, millinin düşərgəsini zədə səbəbindən tərk etmişəm. Böyük səhv etmişəm. Həmin an həyəcanlı və stressli idim. Zədəmin konkret dərəcəsini bilməməyim də buna səbəb oldu. Etdiyim hərəkətə görə peşmanam.
Hamıdan üzr istəyirəm. Həm klubumuzdan, baş məşqçimiz İlham Yadullayevdən, həm də millinin çalışdırıcısı Milan Obradoviçdən məni bağışlamasını xahiş edirəm. Ümid edirəm ki, bu səhvə görə sərt cəzalanmayacam. Millinin formasını geymək mənim üçün böyük şərəfdi. Obradoviç yenidən məni yığmaya çağırsa, şad olaram.
Komandamızın uğurları üçün can-başla çalışaram. Məndən heç kim tələb etməyib ki, belə şey edim. Klubdan millinin düşərgəsini tərk etməyimlə bağlı kimsə nəsə deməyib. Özüm kobud səhvə yol verərək belə addım atmışam. Səhvimə görə də bir daha hamıdan üzr istəyirəm” (Futbol+).
saytlarin hazirlanmasi