Mahir Emrelinin vida sözləri

Mahir Emreli "Qarabağ"la vidalaşıb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Bu yazını qələmə almaq çox çətindir. Bəzən elə anlar olur ki, hisslərini ifadəyə etməyə çətinlik çəkirsən. Kiçik yaşlarımda başlayan xəyallarım məni "Bakı" FK-ya gətirdi. Orada böyüdüm. 18 yaşım tamam olanda, məhz doğum günümdə karyeramda ən önəmli qərarlardan birini verdim. Azərbaycanın ən böyük klubu - "Qarabağ"la müqavilə imzalamışdım. Yeniyetmə Mahir bəlkə də o dönəmdə hara gəldiyinin fərqində deyildi.

 

"Qarabağ" təcrübəsi məni daha da böyütdü, müdrikləşdirdi. Şübhəsiz bunda mənə yeri gələndə böyük qardaş, hətta ata əvəzi olan hocamın - Qurban Qurbanovun zəhməti danılmazdır. Ona nə qədər təşəkkür etsəm də, azdır. 5 mövsüm ərzində ardıcıl çempionluqlar, Avropada"Qarabağ" tarixinin ən çox qol vuran 2-ci futbolçusu oldum. Futbol azarkeşləri üçün ana laylası qədər doğma olan Çempionlar Liqasının himnini canlı dinlədik. Hətta bu yolda ən vacib qolu vuranlardan biri idim. Sözlə ifadə olunmayacaq hisslərdir. Vaxt yetişmişdi. Avropada Azərbaycan futboluna, azərbaycanlı oyunçulara inam yaratmaq vaxtıdır. Cənnət "Qarabağ" azad olunduqdan sonra "Qarabağ"dan ayrılmaq...

 

Karyeramı vətəndən xeyli uzaqda davam etdirəcəyəm. Ölkəmi təmsil edəcəyimi çox gözəl dərk edirəm. Bu sözləri qələmə alarkən qəhərlənməmək əldə deyil. "Qarabağ"dan - məni mən edən iki klubdan birindən ayrılmaq asan deyil. Karyeramın qalan hissəsində hər addımımda dəstəyinizi hiss edəcəyimdən əminəm. Məni sevən və sevməyən, tərifləyən və tənqid edən, hətta bəzən təhqir edən bütün azarkeşlərimizin analarının əllərindən öpürəm. Buradan sizə dərin təşəkkürümü çatdırır, mənim üçün doğma olan "Qarabağ"a növbəti mövsümdə uğurlar arzulayıram. Yenə görüşəcəyik, "Qarabağ"ı, Qarabağda izləmək üçün".

 

Mahir Emreli Polşanın "Legiya" klubuna keçib.

Tarix: 7 İyun [22:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio