Azərbaycan milli komandasının çalışdırmış Qyoko Haciyevski Sportal.az saytına açıqlama verib.
Şimali makedoniyalı məşqçi uzun illər Yunanıstanda "Kastoria", "Doxa", "Atromitos" kimi komandaların baş məşqçisi olduğundan bu gün “Neftçi”nin Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Olimpiakos”a qarşı keçirəcəyi oyunu barədə fikirlərini aldıq. O, yunan klubuna qarşı “Neftçi”nin şansı olduğunu söyləyib:
"Yunanıstanda uzun müddət işlədiyimə görə də mentaliteti yaxşı bilirəm. Futbolları əvvəlki kimi güclü deyil. Yəqin ki, pandemiya, ölkədəki maddi problemlər klublara təsir edib. Ona görə Yunanıstan millisi, “Olimpiakos”, “Panatainaikos” o qədər də yaxşı durumda deyil. Hazırda PAOK daha güclüdü. Sadəcə “Olimpiakos”un keçmişi böyük tarixə söykənir. Daha çox azarkeşləri, ulduzları var.
Üstəlik Georgios Karaiskakis stadionu elədir ki, azarkeşlər meydana yaxındı. Onların dəstəyi meydanda hiss olunur. Səsləri ilə, dəstəyi ilə öz komandalarını irəliyə aparırlar. “Neftçi” Karaiskaikisdə oynamaq üçün asan olmayacaq. Amma bu təkcə, “Neftçi” üçün belə deyil. Bütün komandalar üçün eynidi”.
66 yaşlı mütəxəssis “Olimpiakos”un “Neftçi” ilə matçda açıq-aşkar favorit olduğunu söyləyib: “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşməsi üçün APOEL-lə ağır oyun oynamışdı. Yəni klub bu cür ağır oyun keçirib və təcrübəlidi, ilk dəfə deyil. Üstəlik, “Neftçi” sovetlər dönəmlərində güclü komanda olub, çox güclü oyunlar oynayıb. Uzun illərdən sonra yenidən Azərbaycanı Çempionlar Liqasında təsmil edirlər. Ümid edirəm ki, çempionatdakı gücünü avrokuboklardada göstərəcəklər. Təbii ki, “Neftçi”nin “Olimpiakos”la matçda şansı var. “Olimpiakos” açıq-aşkar favorit olsa belə”.
Milli komandamızda baş məşqçi kimi fəaliyyət göstərmiş təcrübəli mütəxəssis “Neftçi”nin baş məşqçisi Samir Abasova da öz məsləhətlərini verib: “Millidə futbolçum olmuş Samir Abasovu da çempionluğu “Neftçi”yə qazandırması münasibətilə təbrik edirəm. Onun adına çox sevindim. Gənc məşqçidi. “Olimpiakos”la görüşdə konsentrasiyanı itirməməlidi. Bilirsiniz nəyə görə deyirəm? Georgios Karaiskakis başqa atmosferdə olan stadiondu. Ümid edirəm ki, stadiondakı atmosfer Abasovun kontrolu itirməsinə təsir etməyəcək. O, sakit olmalı, komandasının oyununa diqqətlə fikir verməlidi. Ümumiyyətlə, “Neftçi” konsentasiyanı itirməməlidi, oyunu düşünməlidir, yunan azarkeşləri yox”.
Hazırda BƏƏ-də "Emirates" klubunda çalışan mütəxəssis Azərbaycan millisinə cəlb ediləcəyi gözlənilən Filip Ozobiç məsələsinə də toxunub. Onun fikrincə, xorvatiyalı millimizə kömək olacaq: “Yəqin ki, Ozobiçin köməyi dəyəcək. Çünki hücumameyilli yarımmüdafiəçidi, 25-30 metrdən yaxşı zərbələri var, texniki foullar ala bilir. Amma təbii ki, 1-2 futbolçu ilə hər şeyi dəyişmək olmur. Ötən tsikl uğurlu olmadı. De Byazinin bu tsikli daha uğurlu olmalıdı. Ümidvaram ki, Azərbaycan millisi bu Qətərə yollanmaq üçün keçirilən seçmə mərhələdə daha yaxşı nəticələr göstərəcək”.
saytlarin hazirlanmasi